23 İyun 2021 16:45
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son aylar Azərbaycanda COVİD-19 infeksiyasına yoluxma sayında ciddi azalma var, ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi müşahidə olunur. Buna ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən effektiv tədbirləri nəticəsində nail olmuşuq”.

Bunu Teleqraf.com-a Milli Məclisin üzvü Müşfiq Məmmədli deyib.

Deputat qeyd edib ki, 2021-ci ilin əvvəlindən davam edən vaksinasiya xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına imkanlar yaradır:

“Xəstəliyin sağaldılması istiqamətində tibb işçilərinin səyləri, inzibati karantin tədbirləri hesabına yoluxma sayının aşağı salınması, eyni zamanda ölkə rəhbərliyinin birbaşa nəzarəti ilə xəstəxanaların modernzasiyası və modul tipli xəstəxanaların qurulması bu gün öz müsbət təsirini göstərib. Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması istiqamətində atılan addımlar öz effektini göstərib. Bu prosesdə ən mühüm təsir vasitələrindən biri yanvarın 18-dən başlayaraq Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Çinlə ikitərəfli əlaqələrin hesabına “Sinovak” peyvəndinin Azərbaycana gətirilməsi və vaksinasiyaya start verilməsi oldu.

Sonralar COVAX platforması çərçivəsində müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində aparılan tədbirlər zamanı ayrıseçkiliyə və öhdəliklərə riayət etməmək kimi neqativ hallara rast gəlindi. Buna baxmayaraq, ölkə rəhbərliyinin səyi və müxtəlif beynəlxalq təşkilatlarda bu məsələni müzakirəyə çıxarması COVAX platforması çərçivəsində də vaksinlərin Azərbaycana idxal olunmasını sürətləndirdi.

Bir neçə peyvənd qrupu ilə ölkəmizdə vaksinasiya prosesi sürətlə aparılır. Bütün bu görülən tədbirlər fonunda koronavirusla mübarizədə öz effektini göstərməyə başladı. Artıq Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşıb, yoluxmanın sayı aşağı düşüb, sağalanların sayı artıb, yoluxmanın intensivliyi çox aşağıdır. Bütün bunlar mübarizənin effektiv aparıldığının göstəricisidir. Nəticədə karantin tədbirlərinin yumşaldılmasına şahid oluruq”.

Müşfiq Məmmədli mərhələli şəkildə bir çox məhdudiyyətlərin aradan qaldırıldığını vurğulayıb: “Açıq havada maska, toy, nişan, ad günlərinin keçirilməsi, idman zallarının açılması, epidemioloji vəziyyəti yaxşı olan ölkələrlə hava əlaqəsinin bərpası kimi qadağalar aradan qaldırılıb. Bu istiqamətdə Operativ Qərargah müəyyən təlimatlar hazırlayıb. Demək olar ki, Azərbaycanda əksər məhdudiyyətlər götürülüb, ölkə əvvəlki həyatına qayıdır. Amma təhlükə qalmaqdadır, vaksinasiya və Operativ Qərargahın qaydalarına ciddi şəkildə əməl etməliyik.

Bununla həm özümüzün, həm də ətrafımızdakı insanların sağlamlığını qorumuş olarıq. Bunun üçün çox sadə vasitələrdən istifadəyə ciddi şəkildə yanaşmalıyıq. Vaksinasiya, qoruyucu gigiyenik tədbirlər bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir.

Xüsusən ətraf ölkələrdə yoluxma sayı hələ də yüksəkdir. Braziliya, Hindistan kimi ölkələrdə koronavirusun yeni ştamlarının meydana çıxması hələ də bu təhlükənin real olduğundan xəbər verir. Qonşu Gürcüstanda, eləcə də Rusiyada yoluxma yüksəkdir və bu, prosesin hələ də risk daşıdığını deməyə əsas verir.

Bu baxımından diqqətli olmalı, vaksinasiya prosesində hər birimiz yaxından iştirak etməliyik. Məhdudlaşmanın qaldırıldığı sahələrdə müvafiq xidmətlərdən istifadə edərkən təlimatlara ciddi riayət eləməliyik”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər