Yasamal rayon Məhkəməsinin inzibati binasında birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan iclasda dövlət ittihamçısı sübutların tədqiqi ilə bağlı vəsatət qaldırıb. Bildirib ki, əvvəlcə şahid ifadələri dinlənildikdən sonra təqsirləndirilən şəxslərin ifadəsi davam etdirilsin.
Vəsatət təmin edilib.
Daha sonra ifadə verən şahid Ceyhun Vəlibəyov bildirib ki, təqsirləndirilən şəxs Xosrovyan saxlanılan vaxt hərbi xidmətdə olub: "Biz pusqu qurmuşduq, UAZ markalı avtomobilin gəldiyini gördük. Alyoşa Xosrovyan maşınla yaxınlaşanda ələ keçirdik. Onun avtomobilində silah-sursat da var idi. Biz onu yaxalayıb aidiyyəti şəxslərə təhvil verdik".
Digər şahid Tural Davudov isə bildirib ki, Cəbrayıl rayonunda Alyoşa Xosrovyan Azərbaycan hərbçilərini ermənilərlə səhv salıb: "Biləndə ki Azərbaycan hərbçiləridir, maşına tərəf qaçdı. Avtomobildən silahı götürmək istədi, amma biz ona imkan vermədik. O, bizi zərərsizləşdirmək istəyirdi".
Digər şahid Elnur Süleymanov isə deyib ki, Xosrovyan erməni hərbi formasında onlara yaxınlaşıb: "Maşın Cəbrayıl istiqamətindən Horadizə hərəkət edirdi. Biz onu ələ keçirəndə maşına qaçmaq istədi. Amma biz imkan vermədik".
Prokurorun suallarını cavablandıran A.Xosrovyan isə bildirib ki, guya o silaha əl atmayıb: "Mən gördüm ki, Azərbaycan hərbçiləridir, sakitcə təslim oldum".
Şahid C.Vəliyev isə bildirib ki, Xosrovyan hərbi UAZ-da saxlanılıb və avtomobildə AK - 74 markalı avtomat, 2-3 daraq var idi.
Alyoşa Xosrovyanın saxlanılması prosesində iştirak edən şahid Aydın Məmişov deyib ki, 2020-ci il oktyabrın 4-də xidmətdə olarkən UAZ markalı avtomobilin onlara yaxınlaşdığını müşahidə edib: "Biz dərhal onu mühasirəyə salıb yaxaladıq. Maşın dayandı, maşının içindəki adam erməni dilində bizi çağırmağa başladı. Biz onu yaxalayanda bildi ki, erməni deyilik. Maşına baxış keçirdik, döyüşə hazır vəziyyətdə avtomatı götürdük".
Bundan sonra prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs Alyoşa Xosrovyan bildirib ki, üzvü olduğu "Yetrapak" erməni təşkilatı əvvəl Qarabağda azərbaycanlılara qarşı döyüşüb: "Təşkilatın rəhbəri, erməni generalı Manvel Qriqoryan idi. O, əvvəl Hadrutda döyüşüb. Mən isə müharibədən qayıdandan sonra həmin təşkilata üzv olmuşam. 1991-92-ci illərdə Rusiyada, 1988-90-cı illərdə hərbçi kimi sərhəddə olmuşam. O vaxt ermənilər Zəngilana bir neçə dəfə hücumlar etdilər. Həmin vaxtlarda mən də postlarda olmuşam. Sonra ayağımda yaralar başladı, postlara getmədim. Amma həmin vaxtlar ermənilər Qafandan Zəngilan və Qubadlıya gəlib gedirdilər. Amma mən onda ayağımdan müalicə alırdım. Bilirdim ki, Qarabağ erməniləri Zəngilan və Qubadlını zəbt ediblər. 2020-ci il oktyabrın 3-də bildim ki, Azərbaycan hərbçiləri Cəbrayılı işğaldan azad edib. Amma mənə zəng edən zabit dedi ki, Cəbrayılda erməni əsgərləridir, qorxma gəl.
Samvel Babayanı görməmişəm və kim olduğunu bilmirəm. Onun "Yetrapak" təşkilatının üzvü olduğunu bilmirdim. 1984-cü ildə bir dəfə Hadrutda olmuşam, ondan sonra o zonaya getməmişəm. Qarabağ ərazisində Hadrutdan başqa heç yerdə olmamışam. Zərərçəkmiş şəxslərin heç birini tanımıram".
Zərərçəkmiş şəxs Cavid Hüseyn isə bildirib ki, Alyoşa Xosrovyan Lüdvik Mkrtçyanla birlikdə ona ağır işgəncələr verib: "Bunlar yalan danışmaqla özlərini günahsız kimi tanıtmaq istəyirlər".
Zərərçəkmiş Zahid Həsənov isə deyib ki, 1994-cü ilin mayında Xankəndində rus jurnalistin gözü qarşısında Şuşada siqaret çəkmək üçün ayrılmış yerdə ona ağır işgəncələr verib: "Alyoşa da, Lüdvik də Azərbaycan dilini çox yaxşı bilir. Bizimlə Azərbaycan dilində danışırdılar. Hər ikisi məni çox yaxşı tanıyır".
Daha sonra təqsirləndirilən Lüdvik Mkrtçyana sərbəst ifadə vermək təklif olunsa da, o, "sözüm yoxdur" deyib.
Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, Naxçıvanda anadan olub və 18 yaşına qədər orada yaşayıb: "1969-cu il dekabr 5-də Naxçıvan Muxtar respublikasında doğulub, 18 yaşına qədər orada yaşamışam. 1987-ci ildə orta məktəbi bitirmişəm. Erməni dilində oxumuşam. 1987-89-cu ildə hərbi xidmətdə olmuşam. Rusiya ordusunda xidmət etmişəm. Ordan ailəlikcə gəlmişik Ermənistana. Zərərçəkmişləri ilk dəfə burda görmüşəm. Alyoşanı da burda görmüşəm. 89-cu ildən sonra 90, 91, 92-ci illərdə mən və kiçik qardaşım Yerevanda ayaqqabı sexi açmışıq. 9-cu sinifdən mən ayaqqabı tikirəm. Ailəlikcə bu işlə məşğul idik. 1992-ci ildən sonra Yereqis kəndində olmuşam. Heç bir döyüş əməliyyatlarında iştirak etməmişəm. 1993-cu ildən sonra Ağdərədə olmuşam. Heç bir vəzifəm olmayıb. Səngərdə əsgər olmuşam, təcrübəm yox idi, ona görə cəmi bir dəfə posta çıxmışam. Ordakı evlərə qarovul çəkirdim, yeməkxanalarda kömək edirdim. Mənə AK-74 silahı vermişdilər".
Dövlət ittihamçısının "sənin əlində silah postda nə gəzirdin?" sualına Lüdvik Mkrtçyan cavab verə bilməyib: "Bu suala cavab verməkdə çətinlik çəkirəm. O vaxt könüllülər yığışıb azərbaycanlılara qarşı vuruşurdular. Mən azərbaycanlılardan heç bir ziyan görməmişəm, 2 ay Hadrutda olmuşam. 1994-də hərbi münaqişə bitdikdən sonra isə Suqovuşanda olmuşam".
Növbəti proses iyulun 7-də davam edəcək.