Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan erməni silahlı dəstə üzvləri – Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərdən Manukyan Jora Vanoeviç ifadə verib.
O ifadəsində bildirib ki, ötən il noyabrında ayında Hərbi Komissarlığından ona çağırış vəriqəsi göndəriblər: "Hərbi Komissarlığa getmişəm. Orada silah və 120 ədəd patronla təmin olundum. Bizə dedilər ki, Ermənistan sərhədlərini qoruyacaqsınız, avtobuslarla yola düşdük. Gecə bir yerə çatdıq, orada gecələdik. Səhər açılanda həmin yerin Laçın olduğunu bildik. Daha sonra rus sülhməramlıların yanından keçdik. 40 dəqiqə yol getdikdən sonra dağın yanında düşdük, oradan piyada dağa qalxdıq. Bizim komandirimiz Arsen Kazaryan idi. O, bizi bir müddət sonra gəlib buradan götürəcəyini dedi. Dekabrın 13-də əmr gəldi ki, aşağı düşün. Biz düşəndə Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən saxlanıldıq. Silahlarımızı onlara verərək təslim olduq. Bizim oranın Azərbaycan torpağı olduğumuzdan xəbərimiz olmayıb. Bakıya gələndə bizə dedilər ki, ora Azərbaycandır".
Daha sonra ifadə verən təqsirləndirilən David Stepanyan bildirib ki, sentyabrın 27-də ona Hərbi Komissarlıqdan çağırış gəlib: "Mən də getdim, qeydiyyata aldılar, dedilər ki, səni hər zaman çağıra bilərik. Noyabrın 27-də zəng etdilər, Ermənistan sərhədinə getmək lazım olduğu bildirdilər. Bu səbəbdən mən də hərbi hissəyə gəldim. Həmin gün hərbi hissədən çıxdıq, birbaşa Laçın şəhərinə gəldik. Müdafiə Nazirliyinə aid olan iki "Ural" maşınları ilə şəhərdən çıxdıq. Təxminən 15 dəqiqə asfalt yolla getdik. Torpaq yolda rus sülhməramlıları ilə rastlaşdıq. Onlarla 5 dəqiqə söhbət edəndən sonra posta qalxdıq. Azərbaycan əsgərləri yaxınlaşdıqda onlara atəş açmamaq, onlar barəsində rəhbərliyə məlumat vermək göstərişi verilib. Dekabrın 13-də əmr gəldi ki, postdan aşağı düşək. Aşağı düşəndə Azərbaycan əsgərləri ilə rastlaşdıq".
Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, noyabrın 27-də Laçına gəliblər, orada olduğu müddətdə komandirləri deyiblər ki, Laçını Azərbaycan tərəfə təhvil verəcəklər: "Belə görünür ki, biz Laçını Azərbaycana təhvil verməyə gəlmişdik".
Təqsirləndirilən şəxs bildirib ki, 2015-2016-cı illər ərzində Mardakertdə hərbi xidmət keçib. Onun sözlərinə görə, rus sülhməramlıları ilə Laçın rayonunda da görüşüblər: "Bizim komandirlər onlarla danışıb. Amma onların nə danışdıqları mənə məlum olmayıb".
Digər təqsirləndirilən Tosunyan Levan Aşotoviç deyib ki, müharibə başlayanda ona çağırış vərəqəsi gəlib: "Oktyabrın 3-də Cəbrayıla yola düşdük. 13-14 gün orada növbə çəkdik, sonra geri çəkildik. Qayıdandan sonra mən müharibəyə getməkdən imtina etdim, xidmətdən boyun qaçırdım. Noyabrın 10-da müharibə başa çatandan sonra hərbi hissəyə gəldim. Bizə dedilər ki, mənbəyə getmək lazım olsa, çağırılacağıq. Noyabrın 26-da xəbər gəldi ki, cəbhədə növbə çəkmək lazımdır. Bizi gecə ilə bir şəhərə apardılar. Oranın hara olduğunu bilmədim. Səhər açılanda isə Laçın şəhəri olduğunu bildim. Noyabrın 27-də yenidən çağırışa gedəndə həyatı təhlükə üçün qorxum olmayıb. Çünki bilirdim ki, artıq müharibə bitib. Amma müharibə dövründə həyati təhlükə olduğunu bilmişəm".
Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, komandirləri Arsen Kazaryan rus sülhməramlıları ilə danışıb, onların söhbətindən xəbərsiz olub: "Laçını dekabrın 1-də Azərbaycana təhvil verdilər. O vaxta kimi bilirdim ki, Laçın Qarabağın ərazisidir, bunu bizə belə izah ediblər".
Onun sözlərinə görə, müharibədən əvvəl Qarabağda olub və orada kilsəni ziyarət edib: "Hansı şəhərdə olduğunu bilməmişəm. Həmin dövr 2016-2017-ci illərə təsafüf edib".
Daha sonra ifadə verən Martin Aqramanyan deyib ki, Azərbaycan ordusunun hərbçilərinə təşəkkür edir: "Çünki onlar bizə yemək verdilər, yaxşı münasibət göstərdilər. Nikol Paşinyanın noyabrın 10-da müharibənin bitməsi ilə bağlı müqavilə bağlamasından xəbərim olub. Bizim bəyanatın bəndlərindən xəbərimiz olmayıb. Biz tək onu bilirdik ki, bu müqavilə əsasında tərəflər bir-birinə atəş açmalıdır. Bizə başqa heç nə deyilməyib".
Təqsirləndirilən Artur Baqdasaryan ifadəsində bildirib ki, 10 noyabrda imzalanan bəyannamənin bəndələrindən xəbəri olmayıb. Deyib ki, yalnız torpaqları geri təhvil verəcəklərini biliblər, amma detallarından xəbəri olmayıb.
Proses günün ikinci yarısında davam edəcək.