“İnsanı zombiyə çevirən sintetik tərkibli narkotik vasitələrdən istifadə edənlərin sayı durmadan artır, onların əksəriyyəti gənclərdir. Metamfetamin (istifadəçiləri arasında şüşə və ya patı kimi adlandırılan) narkotik psixostimulyatorlardan istifadənin populyarlığı onun ucuzluğu və insan bədənində "müsbət" dəyişikliklər yaratmaq gücü ilə izah olunur. Şüşədən və digər sintetik tərkibli narkotiklərdən istifadə edənlər qısa müddətdə görünməmiş şüur aydınlığına, gücə və aktivliyə malik olurlar. Onun asılılığına düşənlər çox keçmədən bu maddənin xroniki uzunmüddətli istismarının yaratdığı problemləri bütün spektri ilə yalnız orqanizmində deyil, həm də şəxsiyyətlərində, hərəkət və davranışlarında hiss edirlər”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.
İqtisadçının sözlərinə görə, təbii şəraitdə yetişdirilən narkotik maddələr 5-8 dəfə, sintetik maddələr isə 2-3 dəfə istifadədən sonra asılılıq yaradır:
“Sintetik narkotik maddələrin müalicəsi təbii olanlara nisbətən daha çətindir. Belələrinə qarşı uzunmüddətli müalicə aparılmalıdır ki, nəticə əldə etmək mümkün olsun. Sintetik maddələr istifadəçilərində digər narkomanlara nisbətən ölüm riski yüksək olur.
Təbii şəraitdə yetişdirilən narkotik maddələr sintetik maddələrdən baha olur. Ona görə də onun satış dövriyyəsi sürətlə genişlənir, istifadəçilərinin sayı durmadan artır. Əvvəllər xaricdən gətirilən sintetik tərkibli maddələr hazırda daxildə istehsal olunur. Belə laboratoriyaları daha çox rayonlarda qurulur, şəbəkələnir və açıq şəkildə fəaliyyət göstərir”.