İyulun 9-10-da Bakıda yerləşən diplomatik korpusların Şuşaya təşkil edilən səfərinə ATƏT-in Minsk Qrupu həmsədrləri olan Rusiya, Fransa və ABŞ səfirlərinin qatılmaması haqlı olaraq Azərbaycan xalqının bu qədər geniş və birmənalı mənfi reaksiyasına səbəb olub. Ancaq hesab edirəm ki, buna qədər, konkret olaraq 6 iyulda Qarabağda yerləşən rus sülhməramlılarının arxasında gizlənən erməni terrorçularının Ağdam istiqamətində Azərbaycan Ordusuna atəş açması və nəticədə bir hərbçimizin yaralanmasına Rusiya Müdafiə Nazirliyinin qeyri-adekvat reaksiyasına diqqət çəkməliyik.
Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Rusiya, Fransa və ABŞ səfirlərinin Şuşa səfərindən imtina etməsi barədə danışarkən deyib.
Politoloq bildirib ki, son günlər baş verən proseslər Rusiyanın regionda dominant mövqeyinə ağır zərbələr vurur:
“Qəribəsi isə odur ki, Rusiya bölgədə mövqelərinin zəifləməsinə sanki özü şərait yaradır. 6 iyulda Ağdam istiqamətində baş verən insidentdən sonra həm rus sülhməramlılarının, həm də Rusiya Müdafiə Nazirliyinin 10 noyabr 2020-ci il bəyanatından irəli gələn öhdəliklərinə uyğun açıqlama verəcəyi və araşdırma aparacağı gözlənilirdi. Lakin Rusiya Müdafiə Nazirliyi insidentlə bağlı gözlənilməyən, sülhməramlı missiyasına və 10 noyabr bəyanatına uyğun olmayan və bəyanatın müddəalarına zidd açıqlaması ilə anlaşılmaz bir vəziyyət yaratmış oldu. Əvvəla, Rusiya MN Qarabağda erməni və azərbaycanlı hərbçiləri nəzərdə tutaraq, “tərəflər” ifadəsindən istifadə etdi. Halbuki Qarabağda “tərəf” yoxdur. Çünki 10 noyabr bəyanatına əsasən, rus sülhməramlılarının yerləşməsi ilə paralel olaraq erməni silahlı birlikləri Azərbaycan ərazisini tərk etməlidir. Rusiya MN isə erməni hərbi birliklərinin hələ də Qarabağda necə qalmasına aydınlıq gətirmək əvəzinə hətta “tərəflər” ifadəsindən istifadə edirsə, bu, 10 noyabr bəyanatının kobud şəkildə pozulmasıdır və bunun izahı yoxdur.
İkincisi, Azərbaycan Prezidenti rəsmi olaraq bir neçə dəfə elan edib ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur, bu ərazi vahidi 1991-ci il 26 noyabrda ləğv edilib, faktiki olaraq işğala 44 gülük müharibə ilə son qoyulduğu üçün de-fakto da belə bir ərazi mövcud deyil. Rusiya Müdafiə Nazirliyi isə nəinki “Dağlıq Qarabağ” istilahını istifadə etməyə davam edir, hətta sözügedən açıqlamasında Azərbaycan Ordusuna qarşı atəş açılan ərazini separatçı-terrorçu tör-töküntülərinin qondarma adı ilə - “Martuni rayonu” deyə qeyd etdi. Bu, sülhməramlı missiyaya nəinki uyğun deyil və bəyanata ziddir, eyni zamanda erməni terrorçularına dolayısı dəstək verməkdir”.
Aynur Camalqızı qeyd edib ki, Vətən müharibəsindən sonra Rusiya lideri Vladimir Putin keçmiş Dağlıq Qarabağın həmişə Azərbaycanın tərkibində olduğunu 2 dəfə ən yüksək səviyyədə elan edib:
“Putin özü bu ədalətli mövqeyi nümayiş etdirirsə, Rusiya MN-in vəzifəsi dövlət başçısının sözünə və 10 noyabr bəyanatının altındakı imzasına hörmət etməkdir. Ancaq biz bunu müşahidə etmirik. Üstəlik, bu insidentdən 3 gün sonra Şuşaya diplomatik korpus nümayəndələrinin səfərinə Rusiya səfirinin qatılmaması fərqli bir oyun getdiyinin təsdiqi kimi ortaya çıxır”.
Politoloq ABŞ və Fransadan fərqli olaraq, Rusiyanın mövqeyinin daha ciddi tənqid edilməsinin anlaşılan olduğunu vurğulayıb:
“Çünki Vətən müharibəsi zamanı Fransa ermənipərəst mövqeyi ilə kəskin seçilirdi və Fransa faktiki olaraq postmüharibə dövründəki sülh prosesindən özünü hələ o vaxt təcrid etmişdi. ABŞ-ın isə bölgədə təsir imkanları minimuma enib və bu baxımdan onun hansısa manevrlərlə öz varlığını regionda göstərmək istəyi anlaşılan sayıla bilər. Ola bilsin ki, ABŞ bölgəyə təsir üçün Minsk Qrupundan fərqli daha münasib forma tapa bilməyib. Ancaq Rusiya birbaşa proses iştirakçısıdır, Azərbaycanda sülhməramlı kontingenti var, 10 noyabr bəyanatını imzalayan yeganə 3-cü ölkədir və bu bəyanatın qarantıdır. Həmçinin Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir, Rusiya bölgədə Türkiyə ilə yanaşıdır. Rusiyanın özünü Fransa və ABŞ-ın mövqeyinə yaxınlaşdırması əslində Azərbaycandakı mövcud imkanlarını azaltmaq deməkdir. Eyni zamanda Rusiya MN-in Qarabağdakı insidentlə bağlı açıqlaması da nüfuzuna ciddi zərbə endirir və bölgədə siyasi təsir imkanlarının getdikcə məhdudlaşması ilə müşayiət oluna bilər. Ermənistanın qərbyönlü siyasətdən imtina etmədiyi, Nikol Paşinyanın Rusiya ilə məcburi əməkdaşlığına rəğmən, Qərbə doğru canatımını rus politoloqları az qala hər gün rus və erməni mediasında gündəmə gətirirlər. Bu baxımdan Rusiyanın regionda sabit tərəfdaşı Azərbaycan və Azərbaycanın strateji müttəfiqi Türkiyədir. Əvəzində Moskvanın Ermənistanı “qazanmaq” üçün sabit tərəfdaşına qarşı bu demarşı şimal qonşumuza yaxşı heç nə vəd etmir”.
Aynur Camalqızı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin “birlikdə” hərəkət etmələri fonunda Azərbaycanın adekvat addımlar atması, Minsk Qrupundan imtina və sözügedən səfirlərin təşkil etdikləri tədbirlərə rəsmi və müstəqil siyasi xadimlərin qatılmaması barədə təklifi də dəyərləndirib:
“Azərbaycanın indiki məqamda Minsk Qrupundan birtərəfli qaydada imtinası rəsmi Bakı üçün əlavə problemlərin yaranmasına səbəb ola bilər. Bu baxımdan Minsk Qrupunun onsuz da iflic olan “fəaliyyətinin” tam dayandırılmasını zamanın ixtiyarına buraxmaq daha məntiqlidir. Xatırlayırsınızsa, Azərbaycan Prezidenti İlham Əliyev Minsk Qrupunun üzvləri ilə müharibədən sonrakı görüşündə əslində onların missiyasının başa çatdığını bildirmişdi və təklif də vermişdi. Minsk Qrupu hazırda fərqli missiya ilə fəaliyyət göstərə bilər. Məsələn, ilk növbədə “postmüharibə” deyil, “postkonflikt” faktını qəbul etməli və məcburi köçkünlərin öz yurdlarına qayıtması, minaların təmizlənməsi, bərpa və quruculuq işlərində, eyni zamanda, Azərbaycanda məskunlaşan 30 minlik erməni əhalisinin ölkəmizə inteqrasiyası və düşmənçiliyin aradan qalxmasında rol ala bilər. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması, bölgənin blokadadan çıxması üçün öz töhfələrini verə bilər. Bu çərçivədə həmsədr ölkələr də nəqliyyat-kommunikasiya xətlərinin açılması və təmir-bərpa işlərindən mənfəət əldə edərlər.
Yəni münaqişənin artıq həll olunduğunu qəbul etmək, bölgədə yeni iqtisadi imkanlar açıldığını görmək və bundan ticari baxımdan faydalanmaq imkanları varkən, tarixin təkərini geri qaytarmaq və yeni bir münaqişə yaratmaq cəhdləri ilə özünü bölgədən məhrum etmək nəyə lazımdır?
O ki qaldı Rusiyanın mövqeyinə, hesab edirəm ki, rəsmi Moskva ilə əvvəldən qurulan yüksək səviyyəli münasibətlərin davam etdirilməsi lazımdır və son addımların Rusiyanın milli və dövlət maraqlarına zərbə vurduğu xatırladılmalıdır. Rusiyanın bölgədə nüfuzunun və maraqlarının qorunmasının qarantı Azərbaycandır və bu fakt Rusiya MN-in və Rusiyadakı ermənipərəst mövqeyi davam etdirənlərin diqqətinə çatdırılmalıdır. Ümumiyyətlə, Rusiyanın daxilində fərqli maraqların ifadə olunduğunu və dövlətin iradəsindən kənar addımların atıldığını bilirik. Bu baxımdan Rusiyanın dövlət başçısının mövqeyi və münasibəti bizim üçün əsasdır. Vladimir Putinin yanaşması isə hər kəsə bəllidir. Ona görə bu tip qeyri-adekvat addımlar da Rusiya lideri ilə müzakirə edilməlidir”.
Aynur Camalqızı bütün baş verənlər fonunda Azərbaycanın milli maraqlarının ən yüksək səviyyədə qorunduğu və bu istiqamətdə olduqca genişmiqyaslı fəaliyyət həyata keçirildiyini də bildirib:
“Prezident İlham Əliyevin 7 iyulda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması barədə verdiyi fərmanın siyasi və tarixi əhəmiyyəti bu baxımdan ölçüyəgəlməzdir. Bu mənada hər kəs bilməlidir ki, İlham Əliyev nəyi nə vaxt və necə etməyi çox gözəl bilir. İctimaiyyyət olaraq isə bizim addımlarımız da milli maraqlarımıza və strateji hədəflərimizə uyğun olmalıdır”.