12 İyul 2021 14:50
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.

– Cəlil müəllim, bu gün Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. Erməni tərəfi bu döyüşlərin başlanmasına səbəb kimi bir iddia irəli sürmüşdü: Azərbaycan tərəfinə məxsus UAZ markalı avtomobil təmas xəttinə yaxınlaşıb və bundan sonra döyüşlər başlayıb. Siz peşəkar hərbçi kimi bu iddianı necə qiymətləndirirsiniz?

– Bu, tamamilə cəfəngiyyat, yalan və uydurmadır. Onlar bu yolla özlərinə haqq qazandırmaq, yaxud hərbi-siyasi rəhbərliyi üçün müəyyən qədər reytinq qazanmaq istəyirlər. Hər şeydə Azərbaycanı günahlandırmağa cəhd edirlər. Bu versiya heç cür inandırıcı sayıla bilməz. Heç kim də bu versiyaya inana bilməz. Onlar bilirdilər ki, Azərbaycan Ordusu böyük imkanlara, yüksək döyüş hazırlığına və hər an öz torpaqlarını işğaldan azad etmək imkanlarına malikdir. İyulun 13-də, 13-dən 14-nə keçən gecə Azərbaycanda dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyində ehtiyatlar və canlı qüvvə məhv edilib. İlk iki sutka ərzində düşmənə sarsıdıcı zərbələr endirilib. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimiz cavab tədbirləri nəticəsində böyük itkilər verən düşməni geri çəkilməyə məcbur edib. İyulun 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam, Əlibəyli, Dondar Quşçu kəndlərini iriçaplı silahlardan, artilleriya qurğularından atəşə tutub. Həmin gün döyüş zamanı müdafiənin ön xəttində olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar. Həmçinin, düşmənin hücumunun qarşısını alarkən döyüşdə bir sıra hərbi qulluqçularımız şəhid olublar. Azərbaycan Ordusunun generalı və digər yüksək rütbəli zabitlərin əsl vətənpərvərliyini, cəbhənin ön xəttində döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirməsi bir daha dünyaya sübut edildi və göstərildi. Həmin gün bu istiqamətdə vəziyyət gərgin olaraq qalıb. Ağır döyüşlər zamanı onlar geri otuzdurulub. Qarşı tərəf mülki əhalini, yaşayış məntəqələrini atəşə tutub. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam etdirilib və bunun nəticəsində onlar geri çəkilməyə məcbur edilib.

Bu gün biz həmin günləri xatırlayırıq və bu haqda müəyyən fikir yürüdürük. Tovuz döyüşləri Azərbaycan Ordusunun döyüş hazırlığının bir daha yüksək səviyyədə olmasını nümayiş etdirdi. Həmin döyüşlər demək olar ki, 44 günlük Vətən müharibəsində qələbənin təməlini qoydu. Daha doğrusu Azərbaycanın əsgər və zabiti hələ 2016-cı ildə öz sözünü demişdi. Həm 2016-cı ilin aprel döyüşləri, həm də 2020-ci ilin Tovuz döyüşləri Ermənistana xəbərdarlıq idi. Bu xəbərdarlıq idi ki, onlar Azərbaycan torpaqlarından geri çəkilsinlər. Əfsuslar olsun ki, onlar bunu anlamadılar.

– Nəinki anlamadılar, əksinə avqust ayında Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyan Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanıldı…

– Bilirsiniz ki, bu, onların ilk təxribatı deyildi. Son 30 ildə onlar bizə qarşı yüzlərlə bu cür təxribat törədiblər. Onlar həmişə mülki əhaliyə hücum ediblər, qocaları, uşaqları qətlə yetiriblər. Sülh şəraitində yaşayan kəndləri atəşə tutublar, heç bir müharibə qaydalarına riayət etməyiblər. Bunu müharibə dövründə də ediblər, müharibədən sonra Azərbaycan nə qədər beynəlxalq konvensiyalara, humanitar huquq qaydalarına, normalara riayət etsə də Ermənistan bunu anlamayıb və yenə öz faşist ideologiyasından, məsələyə faşist yanaşmasından yanaşaraq həmişə təxribatlar, problemlər yaradıb. Amma hazırda bizim hüquq-mühafizə orqanlarımız, o cümlədən Dövlət Təhlükəsizliyi Xidməti, ordumuz bu cür təxribatların qarşısını almaqda böyük imkanlara malikdir. İndi Azərbaycan sərhədləri tam nəzarətdədir. Belə cəhdlər göstərsələr də onun qarşısı tez bir zamanda alınacaq və düşmən yerinə oturdulacaq.

– Ermənistan tərəfi 5 gün davam edən Tovuz döyüşlərində məğlub olmasına baxmayaraq niyə bundan dərs çıxarmadı və yeni təxribatlar törədərək sentyabrın 27-də 44 günlük Vətən müharibəsinin başlanmasına rəvac verdi?

– Ermənilərin məhz Tovuz istiqamətindən hücumlarının əsas məqsədlərindən biri qonşu ölkələri bu müharibəyə cəlb etmək idi. Bilirdilər ki, Tovuz-Qazax istiqamətindən bizim kommunikasiyalarımız keçir, boru xətləri gedir və sair. Həmin bölgədə strateji obyektlər var, bu obyektlərə hücum etməklə beynəlxalq aləmi bura qatmaq istəyirdilər. İstəyirdilər ki, cavab atəşi ilə Azərbaycan da onların ərazisində olan kəndləri dağıtsın, şəhərlərə hücum etsin, problemlər yaşansın və bunu beynəlxalq münaqişəyə çevirsinlər, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərini bu məsələyə cəlb etsinlər. Onlar bu istiqamətdə çox çalışdılar, amma dünyanın aparıcı ölkələri, o cümlədən KTMT-yə üzv ölkələrin prezidentləri anlayırdılar ki, Azərbaycanın heç bir qonşu ölkəyə ərazi, torpaq iddiası yoxdur. Azərbaycan öz ərazisində terror, separatizmə qarşı mübarizə aparır və onlar da bunu görür, anlayırdılar. Suallar verəndə qonşu ölkələrin prezidentləri də onların cavabını verirdilər ki, Azərbaycan öz ərazisində terrora qarşı mübarizə aparır və ona heç bir dövlət qarışa, başqa cür münasibət bildirə bilməz.

Arzu edirdilər ki, KTMT-ni bu işə cəlb etsinlər, onlar qarışsınlar, Ermənistana kömək etsinlər. Onlar istəyirdilər ki, azı iki-üç KTMT dövlətinin iştirakı ilə Ermənistan bu müharibəyə qatılsın. Qatılmasalar belə, Azərbaycana ciddi təzyiq göstərsinlər. Amma onlar az öncə qeyd etdiyim kimi məsələni anlayırdılar. Onların çoxu ilə bizim gözəl diplomatik, iqtisadi, siyasi və hərbi əlaqələrimiz var. Onlar həm müharibə dövründə, həm də indi Azərbaycan Prezidentinin çıxışlarına, onun yanaşmasına hörmətlə yanaşırlar. Bu səbəbdən qeyd etdiyim istiqamətdə hər hansı problem müşahidə olunmadı.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər