“Reuters” xəbər agentliyində çalışan hindistanlı fotomüxbir, jurnalist Danis Siddiqi Əfqanıstanın cənubundakı Kandahar əyalətində öldürülüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, jurnalist Qəndəharın Pakistan sərhədindəki Spin Boldak Sərhəd Qapısında baş verən qarşıdurmaları çəkmək üçün həmin bölgəyə gedib.
Sərhədə yaxın bölgədə öldürülən Siddiqiyə kim tərəfindən hücum edildiyi araşdırılır. Şahidlərin verdiyi məlumata görə, Siddiqi Taliban yaraqlıları ilə təhlükəsizlik qüvvələri arasında sərhəd toqquşması nəticəsində öldürülüb.
Qeyd edək ki, Əfqanıstanda sülh prosesi qeyri-müəyyən olaraq qalsa da, təhlükəsizlik qüvvələri ilə Taliban arasında şiddətli qarşıdurmalar davam edir. İyulun 14-də Pakistan sərhədindəki Spin Boldak Sərhəd Qapısını ələ keçirən Taliban yaraqlıları ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar davam edir. Taliban iyun ayının son həftəsində başlatdığı hücumlarda Özbəkistan və Tacikistan sərhədindəki bütün bölgələri demək olar ki, ələ keçirib. Taliban Bədəxşan, Tahar, Qəzni, Herat, Qəndəhar və Badgis vilayətlərində şiddətli hücumlarla təzyiqini artırır.