17 İyul 2021 17:25
1 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Məclisin bir qrup üzvünün Şimali Kipr Türk Cümhuriyyətinə səfəri bu ölkənin azad olunmasının 47-ci ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirakıyla əlaqəlidir. Nümayəndə heyəti adada iyulun 20-də Sülh və Barış günü tədbirlərində də iştirak edəcək. Bu tədbirlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ərdoğan Kiprdə adanın gələcək taleyini müəyyənləşdirəcək vacib açıqlamalar səsləndirəcəyinin anonsunu da verib:

“Azərbaycan rəsmən Şimali Kipr Türk Cümhuriyyətini tanımasa da, Bakı və Lefkoşe arasında hər zaman əlaqələr olub. Əgər ilkin illərdə bu əlaqələr Ankara üzərindən qurulurdusa, sonrakı illərdə birbaşa təmaslar da həyata keçirilməyə başladı. Şimali Kiprin Bakıda Nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin dəvəti ilə Şimali Kiprin mərhum lideri Rauf Denktaş Bakıda oldu, fikir mübadiləsi aparıldı. Bundan başqa deputatlarımız, jurnalistlərimiz və QHT təmsilçilərimiz zaman-zaman Şimali Kipr Türk Cumhuriyyətinə səfərlər edirlər.

Buna baxmayaraq, “rəsmi Bakı Şimali Kiprin müstəqilliyini tanıya bilərmi” sualı hər zaman səslənib. Azərbaycanın Qarabağ müharibəsində qələbəsindən sonra bu suallın aktuallığı daha da artıb. Çünki keçmiş illərdə əsas arqument bu idi ki, “rəsmi Bakı Şimali Kiprin müstəqilliyini tanısa, Yunanıstan və Kipr Yunan Respublikası da Qarabağ separatçılarını tanıyacaq”. Bu arqument hazırda zəifləyib. Çünki yunanların tanıya biləcəyi məkan xeyli daralıb, heç ermənilərin özləri də müharibədəki məğlubiyyətdən sonra “müstəqillikdən” danışmırlar. Ancaq orası da var ki, Yunanıstan bizə başqa pisliklər etməyə çalışacaq. Onsuz da müharibə günlərində yunanlar var gücləriylə Ermənistanı müdafiə edir, ermənilərin təxribatçı xəbərlərini yayırdılar. Bunların da mümkün zərərini hesablamaq lazımdır. Əslində Azərbaycanla yanaşı bir neçə türkdilli ölkə birgə Şimali Kiprin müstəqillliyini tanıyarsa, bu, işin xeyrinə olacaq və Afina türkdilli dövlətlərin kollektiv qərarına qarşı aciz qalacaq”.

Elxan Şahinoğlu bildirib ki, Ankara Şimali Kipr Türk Cümhuriyyətini tanımaq məqsədilə əvvəllər də Bakıya təzyiq etməyib, indi də etmir:

“Amma Ankaranın Bakıdan və digər türkdilli dövlətlərdən ricası var: Şimali Kiprlə sıx iqtisadi əlaqələr qurun, hava nəqliyyatı əlaqələri yaradın, birbaşa turist səfərləri təşkil edin. Bəli, bunu etməyə bizə heç nə mane olmur. Onsuz da bir gün gələcək beynəlxalq aləm Kosovonun müstəqilliyini tanıdığı kimi, Şimali Kipr Türk Cumhuriyyətinin də müstəqilliyini tanıyacaq. Bu, adada yaşayan türklərin təbii haqqıdır. Adadakı türklərin buna mənəvi haqqı çatır. 1960-1970-ci illərdə soyqırıma məruz qalan da türklər oldu, BMT-nin keçmiş baş katibi Kofi Annanın da planına “hə” deyən də türklər idi. Ancaq ABŞ və Avropa yunanların yanında oldu, demək biz də türklərin yanında olmalıyıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər