18 İyul 2021 13:26
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana işgüzar səfəri çərçivəsində iyulun 18-də Şamaxıda olub.

Teleqraf.com xəbər verir ki, qonaq Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidini ziyarət edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli qarşıladı.

Məscidin imamı Mərhəmət Mustafayev qonağa dini məbəd ilə bağlı məlumat verdi. Bildirildi ki, məscid 743-cü ildə inşa olunub. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə tikilib.

Məscidin həyətindəki muzeyə də baxış oldu. Tanışlıq zamanı qeyd edildi ki, 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilib. Ən böyük qırğın Cümə məscidində baş verib. Şamaxı sakinlərinin Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetiriblər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyən məscid məhv olmaq təhlükəsi ilə üzləşib.

Diqqətə çatdırıldı ki, Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə də təmir olunub.

Şamaxı Cümə məscidində əsaslı təmir işləri isə Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilib və ötən əsrin 70-80-ci illərində bərpa işləri zamanı aşkarlanan mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanılıb.

Şamaxı Cümə Məscidi Dövlət Tarix-Memarlıq abidəsinin ətrafında qədim hücrələr də bərpa olunmaqla əsaslı abadlıq işləri aparılıb. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə məscidin bərpadan sonra açılışı olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər