22 İyul 2021 17:35
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlar var. Bir müddət bundan əvvəl mənim göstərişimlə xüsusi proqram tərtib edilmişdir, dövlət investisiya resursları cəlb olunmuşdur. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq. Eyni zamanda, minlərlə iş yeri yaradılacaq və idxaldan asılılıq azalacaq.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı bildirib ki, son beş il ərzində təkcə dəmir məmulatlarının idxalına ölkədən 1,7 milyard manat vəsait gedibdir. Bu sahənin inkişafı imkan verəcək ki, idxaldan asılılıq kəskin şəkildə azalacaq, biz daha böyük dəyərə malik olan dəyər zəncirini yaratmış oluruq və eyni zamanda, ixrac imkanlarımız da yaranacaq. Çünki bu gün dağ-mədən sənayemizin inkişafı bu yolla getməlidir.

Azad edilmiş torpaqlarda da bu sahənin çox böyük perspektivinin olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Bildiyiniz kimi, uzun illər xarici şirkətlər qanunsuz olaraq bizim qızıl və digər mədənlərimizi istismar edirdilər. Bu, cinayətdir və mən bu haqda artıq öz sözümü demişəm, bir daha demək istəyirəm, bu şirkətlərin iki yolu var: ya, bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır. Onu da deməliyəm ki, bütün hazırlıq işləri artıq tamamlanmaq üzrədir. Bizim həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarımızın bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur. Bir daha demək istəyirəm ki, onlar vurulmuş ziyanın təzminatını öz xoşu ilə həll etsinlər, Azərbaycan dövlətinə vurulmuş ziyanı ödəsinlər və ondan sonra, ancaq ondan sonra onlar rahat yaşaya bilərlər. Yoxsa ki, bu şirkətlərin başqa yerlərdə də əməliyyatları var və onların iş reputasiyasına çox böyük ziyan dəyəcək. Hər halda biz artıq öz mövqeyimizi açıq şəkildə ifadə etmişik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər