26 İyul 2021 13:50
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda casusluqda ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər Azərbaycan Respublikasına aid dövlət sirləri olan məlumatları əldə edib, erməni xüsusi xidmət orqanlarına ötürüblər.

2019-cu ildə erməni xüsusi xidmətləri ilə əməkdaşlığa cəlb olunan Sujyan Gevorg Rubenoviç digər təqsirləndirilən şəxslə Sünnik vilayəti ərazisindən Gorus rayonuna gəliblər, oradan da Azərbaycana keçiblər. Onlar qanunsuz odlu silahlar əldə edərək silahlı birləşmə yaradıblar, Azərbaycan ərazisində dövlətin təhlükəsizliyinə aid məlumatlar toplayıblar. Həmin məlumatları erməni xüsusi xidmət orqanlarına ötürməklə casusluq ediblər.

Bundan başqa, hər iki təqsirləndirilən şəxs Azərbaycan Silahlı Qüvvələrinin yerləşdiyi əraziləri müəyyən etmək məqsədilə 2020-ci il noyabrın 11-də Laçın dəhlizindən keçərək Şuşa istiqamətində Azərbaycan ordusunun yerləşdiyi ərazilərə gəliblər. Həmin vaxt onlar Azərbaycan ordusunun hərbi qulluqçular tərəfindən həbs olunublar.

Sujyan Gevorg Rubenoviç elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, Laçın rayonu Azərbaycan ərazisi olduğu üçün dövlət sərhədini qanunsuz keçməkdə özünü günahkar sayıb. Əlavə edib ki, qanunsuz silahlı birləşmənin tərkibində iştirak etməyib.

Digər təqsirləndirilən Davtyan Davit Tiqrani də elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Daha sonra Sujyan Gevorg Rubenoviç məhkəmədə sərbəst ifadə verib. O bildirib ki, xeyriyyə qurumunun təşkilatçısıdır: "Sentyabrın 27-də müharibənin başlandığını eşitdim. Bundan sonra məni tanıyanlar yardım gətirməyə başladı. Xankəndindən bəzi adamlar var idi ki, mənim gətirdiyim yardımları onlar aparırdılar. Özüm də gətirdiyim yardımları hərbiçilərə paylamışam. Xocavənd rayonunda hərbi hissədə olmuşam, orada yardım paylamışam, hərbçilərlə şəkillər çəkdirmişəm".

Təqsirləndirilən şəxs deyib ki, bir dəfə Şuşa şəhərinə gəlib, sonra Xankəndində olub: "Müharibə bitməmişdən iki həftə əvvəl Xankəndində əhalinin vəziyyəti ilə bağlı çəkiliş etmişəm və Feysbuk sosial şəbəkəsində paylaşmışam. Sülh bəyannaməsindən sonra Xankəndinə gəlmək istədik. Laçın dəhlizinə gəldik. Orada bizi rus sülhməramlıları yoxladılar. Onlardan keçə bilib-bilməcəyimizi soruşduq, keçə biləcəyimizi dedilər. Biz bir qədər gəldikdən sonra Azərbaycan bayrağını gördük, dayandıq. Orada bizi həbs etdilər".

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs qeyd edib ki, "Yeni Ermənistan, vətən" diaspora xeyriyyə təşkilatının rəhbəri olub. Bildirib ki, erməni xüsusi xidmətinin "Artak" adlı üzvünü tanıyıb: "Onunla münasibətlərim var, əlaqəmiz olub. Davtyan Davit Tiqranı 2020-ci ilin yayından tanmışam. Onunla bir yerdə olmuşuq, yardımlar aparmışıq. Silah-sursatlardan istifadə etməmişəm. Bir dəfə döyüş bölgəsində bir əsgərdən silah alaraq şəkil çəkdirmişəm".

Sujyan Gevorg Rubenoviçin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, istintaqa bildirib ki, Ermənistan ordusunun Kirivokan şəhərində yerləşən kəşfiyyat xidmətində olub: "Peşəkar boksçu olduğum üçün məni kəşfiyyata yazdılar. 2019-cu ildə bir nəfər mənə zəng edib, vacib görüşmək lazım olduğunu dedi. Onunla görüşə razı oldum. Ermənistan xüsusi xidmət orqanının şöbələrindən birində görüşdük. Adı Artak idi. Mənim təşkilatımda pul köçürmələri ilə bağlı qanunsuzluqdan danışdı, buna görə də həbs olunacağımı bildirdi. Həbs olunmaqdan qorxduğum üçün onunla əməkdaşlığa başladım".

Təqsirləndirilən şəxs deyib ki, sentyabrın 27-də Qarabağda döyüşlər başlayıb: "Bundan bir gün sonra Artak mənimlə əlaqə saxladı, görüşdük. Ona döyüşlərdə iştirak etmək istədiyimi bildirdim. Mənə Qarabağa getməyi, döyüşlərdə iştirak etməyi, Azərbaycana ordusu barədə məlumatları öyrənməyimi tapşırdı. Razı oldum. Ondan digər dostum Davityanın mənimlə birlikdə getməsinə də razılıq aldım".

Proses günün ikinci yarısında davam edəcək.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər