29 İyul 2021 10:54
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç,Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda cinayət işində olan sənədlər tədqiq olunub.

Daha sonra hakim məhkəmə istintaqının tamamlandığı elan edib. Hakim ittiham nitqi ilə çıxış etmək üçün prokurora söz verib.

Bundan sonra prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) və 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) maddələrinin ümumi ittihamdan xaric olunmasını istəyib.

Prokuror qeyd edib ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli bilinmələrini tələb edib.

Prokuror təqsirləndirilən şəxslərin hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzaları başa çatdıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi qaydada çıxarılmalarının təmin olunmasını istəyib.

Hazırda proses davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər