29 İyul 12:50
215

Azərbaycanda terror-təxribat törətməkdə, qanunsuz silahlı birləşmə yaratmaqda və Azərbaycan dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Ermənistan vətəndaşları – Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin vəkilləri müdafiə nitqi ilə çıxış edib.

Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər, hakimdən cəzalarının yüngülləşdirilməsini xahiş ediblər. Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirəyə yollanıb.

Müşavirədən qayıdan hakimlər hökmü elan edib.

Hökmə əsasən, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) və 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) maddələr ümumi ittihamdan xaric olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli biliniblər.

Təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər, onların cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri müəyyən olunub.

Cəzaları başa çatdıqdan sonra onların Azərbaycan Respublikası hüdudlarından kənara məcburi qaydada çıxarılmalarının təmin olunması hökmü də elan edilib.


Müəllif: Hacı Zeynalov