Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri iyulun 29-da Füzuli şəhərində olublar.
Nümayəndə heyətlərinin üzvlərinə Füzuli rayonunda erməni vandallarının törətdiyi dağıntılar, həmçinin dövlətimiz tərəfindən aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib.
Teleqraf.com xəbər verir ki, qonaqlar erməni vandalları tərəfindən dağıdılan Füzuli Mədəniyyət Evi-Dram Teatrının, Arxiv İdarəsinin binalarına baxış keçirdikdən sonra Füzuli Beynəlxalq Hava Limanı, həmçinin “Füzuli” yarımstansiyası ilə tanış olublar.
Qeyd edək ki, Füzuli rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il avqustun 23-də işğal edilib. 1994-cü ildə uğurlu Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi işğaldan azad edilib. Rayon 2020-ci il oktyabrın 17-də 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuz tərəfindən işğaldan tamamilə azad olunub.