“Qardaş Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub. Türkiyədə baş verən yanğınları hər birimiz dərin kədər və təəssüf hissi ilə qarşılayaraq qardaş ölkənin bu bəladan daha tez qurtulmasına dua edirik. Bütün bunlarla yanaşı, Türkiyədə baş verən meşə yanğınları qardaş ölkənin iqtisadiyyatına da mənfi təsir göstərməkdədir”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, yanğınlar daha çox Türkiyənin turistik bölgələrində müşahidə olunduğundan bu sahənin gəlirlərinə təsirsiz ötüşməyəcək:
“Türkiyə bu il 25 milyon turisti qonaqlamağı hədəfləyir. Ötən il pandemiya səbəbindən tənəzzül keçirən turizm sektoru bu il canlanmağa başlamışdı. Bu ilin birinci yarısında Türkiyəyə 7 milyon 250 min xarici turist gəlmişdi və rəqəmlər də artan istiqamətdə dəyişirdi. Təəssüf ki, meşə yanğınları əsasən qardaş ölkənin turizm bölgələrini əhatə etdiyindən bu, Türkiyəyə səfər etməyi planlaşdıran bir sıra əcnəbilər arasında tərəddüdlər yarada bilər.
İşsizlik səviyyəsi 13.2 faiz olan qardaş ölkədə bu ilin birinci rübündə ÜDM 1.7 faiz artırsa da əksər makro-iqtisadi göstəriciləri pandemiyadan təsirlənib. Bu baxımdan, meşə yanğınları qardaş ölkə üçün əlavə xərc yaradacaq ki, bu da Türkiyə iqtisadiyyatı üçün arzuolunan deyil.
Ekoloji problemlərə yol açan meşə yanğınlarını Türkiyənin qısa zamanda nəzarətə alıb tam söndürəcəyinə inanmaqla qardaş ölkənin bu sinaqdan da çıxacağını və iqtisadi təsirlərinin daha az intervalda minimumlaşdıra biləcəyini diləyirik”