4 Avqust 2021 20:49
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailədaxili zorakılıq halları cəmiyyəti narahat edən aktual sosial problem olaraq qalmaqdadır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, 3 avqust 2021-ci il tarixində Bakı şəhər Xəzər rayon sakini Sevinc Məhərrəmova həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirili. Bu hadisə digər məişət zəminində baş vermiş cinayət hadisələri kimi ölkə ictimaiyyətini dərindən sarsıdıb.

3-4 avqust 2021-ci il tarixlərində Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, eyni zamanda Bakı şəhəri Xəzər və Pirallahı rayon icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların nümayəndələri tərəfindən hadisə baş vermiş ünvana və uşaqların hazırda olduğu ailəyə səfər edilmiş və onların psixo-emosional vəziyyətləri qiymətləndirilmişdir. Hər iki uşağın psixoloji dəstək xidmətinə və Pirallahı rayonunda yerləşən "Bulaq” körpələr evi-uşaq bağçasına cəlb edilməsi nəzərdə tutulub. Uşaqların vəziyyətinin yoxlanılması üçün mütəmadi olaraq Dövlət Komitəsi tərəfindən öz səlahiyyətləri çərçivəsində Pirallahı Rayon İcra Hakimiyyəti ilə birlikdə monitorinqlər keçiriləcəkdir.


Müəllif: Teleqraf.com