8 Avqust 2021 09:05
1 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin komitə sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Tokio Yay Olimpiya oyunlarına qatılan Azərbaycan idmançılarının yarışlarını izləyirsinizmi, kimlərdən qızıl medal gözləyirsiniz?

- Bəli, Tokio Yay Olimpia oyunlarını izləyirəm. İndilərdə bizim güləşçimiz Hacı Əliyev çıxış etməlidir. Bir azdan mübarizəyə qoşulacaq. Onu izləyirəm (Hacı Əliyev gümüş medal qazandı-red.). Karateçimiz Rafael Ağayevdən də qızıl medal gözləyirdik. Çox təəsüf ki, olmadı. Amma gümüş medal da pis deyil.

Rafael onsuz da özünü təsdiq etmiş idmançıdır. Bizim üçün onun hər uğuru qızıl medala bərabərdir. Çünki Rafael dünyada “karatenin brilliantı” hesab olunur. Elə də var. Bundan sonra da inşallah elə olacaq. Mən bilirəm ki, ona qarşı hakimlərin müəyyən haqsızlığı da oldu. Amma hər bir halda Rafael bizim üçün dəyərlidir. Sözsüz ki, digər idmançılarımızdan da yaxşı nəticələr gözləyirik. Hər halda ümidliyəm.

- Sizcə, pandemiya idmançıların özlərini daha yüksək səviyyədə göstərməsinə necə təsir edib?

- Sözsüz ki, istər-istəməz pandemiya öz təsirini göstərib. Bütün dünyadan olan idmançılar Olimpiya oyunlarına qatılır. Pandemiya da hamını əhatə edib. Elə idmançılar ola bilər ki, onlar ürəkləri istəyən qədər məşq edə bilməyiblər.

- Hansı idman növü sizin maraq dairəsinə daha yaxındır?

- Özüm 7 il voleybolla, 3 il ağırlıq qaldırma, 20 ildir üzgüçülüklə məşğul oluram. Bu idman növlərinə böyük sevgim, marağım var.

- Futbolla aranız necədir?

- Futbolla da aram yaxşıdır. Bu idman növünü də xoşlayıram. Maraqsız idman yoxdur. Hər bir idman növü öz-özlüyündə gözəldir.

- İdmanla proqram şəklində məşğul ola bilirsinizmi?

- İmkan daxilində çalışıram ki, idmansız qalmayım. Amm indi pandemiyadır. Hamımız bu şərtlərə əməl edirik. Ona görə də, idmanla intensiv məşğul ola bilmirəm.

- Əsasən hansı idman növü ilə məşğul olursuz?

- Üzgüçülüklə... Bu idman növunu çox sevirəm. Vaxt olan kimi üzgüçülüklə məşğul oluram.

- Parlamentdəki dostlarınız idmana nə dərəcədə maraq göstərir?

- Milli Məclisin özünün futbol komandası var. Bu komanda vaxtilə Tükiyədə, Rumuniyada yarışlarda iştirak edib. Pandemiyaya görə iki ildir yarış keçirmək imkanı yoxdur. İnşallah, pandemiyadan sonra yarışlar başlayar.

- Deputat dostlarınızla birlikdə idman etmək imkanınız olurmu?

- Bəli, parlamentdəki dostlarımızın da idmana marağı çoxdur. Amma hərəsi bir idman növünü sevir. Eləsi var qaçmağı xoşlayır. Kim hansı idmanla məşğul olursa, gəlir... Amma mən lap gənclikdən idmanla məşğul olmuşam deyə bu işə xüsusi olaraq yanaşıram.

Məktəb illərindən idmanla məşğulam. Kəndimizin yanında göl var idi. Uşaq vaxtı o göldə üzürdük. Elə üzgüçülüyə də məndə meyl oradan yaranıb. Nədənsə sonradan voleybol da xoşuma gəldi. 7 il voleybolla məşğul olduqdan sonra yenidən üzgüçülüyə, öz doğma idman növümə qayıtdım...


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər