Bu gün şəhid leytenant Samir Əliheydər oğlu Əliyevin 21-ci doğum günü qeyd edilib.
Teleqraf.com xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən şəhidimizin adının əbədiləşdirilməsi məqsədilə salınan parkın və inşa edilən bulağın açılış mərasimi də keçirilib.
Açılış mərasimində icra başçısı Əziz Əzizov, müavinləri, şöbə müdirləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri, şəhid anaları, 55 saylı tam orta məktəbin pedaqoji və şagird heyəti, Samir Əliyevin hərbiçi yoldaşları iştirak ediblər.
Mərasimdə şəhidin fotosu həkk olunmuş tort və tortun kəsilməsi üçün şəhid anasının əlinə bıçaq verilməsi sosial şəbəkələrdə kəskin etiraza səbəb olub.
Fotodan da göründüyü kimi, ana şəhid oğlunun şəkli əks olunan tortu kəsə bilmir və ağır sarsıntı keçirir. Polisin şəhid anasının əlindən yapışaraq tortu kəsməyə məcbur (?) etməsi də diqqətdən yayınmayıb.
İcra başçısı və müavinlərinin bu cür xoş olmayan mənzərəni izləməsi və olaya etiraz etməməsi sosial şəbəkədə ciddi narazılıq doğurub. Hətta baş verənlərin təşkilatçısının məhz Suraxanı Rayon İcra Hakimiyyəti olduğuna dair iddialar getdikcə daha artır.
Suraxanı icra başçısı Əziz Əzizov tortun şəhid ailəsi tərəfindən sifariş verildiyinə dair açıqlama ilə çıxış etsə də, bu, o qədər də inandırıcı görünmür. Axı hansı ana şəhid övladının şəkili olan tortu bıçaqla kəsər?
Görüntülər Dədə Qorqud filmində Şöklü Məlikin əmri ilə Uruzun ətindən kabab çəkilib anası Burla xatuna yedirdilməsi səhnəsi qədər sarsıntılıdır.