“Taliban Əfqanıstan hakimiyyəti ilə danışıqlar əsasında hakimiyyəti bölüşmək fikri yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert ABŞ hərbi qüvvələrinin çıxmasından sonra Əfqanıstanda yaranmış duruma diqqət çəkib:
“Amerika Vyetnamda “etdiyini” Əfqanıstanda təkrarladı. Amerika zamanında Vyetnama ona görə daxil olmuşdu ki, kommunist rejimin ölkənin tamamını ələ keçirməsinə imkan verməsin. Müharibədə yüzminlərlə insan həlak oldu, Amerika Vyetnamda qələbə çalmayacağını anladıqda ölkəni tələsik tərk etdi, bu ölkədə ona bağlı siyasi güclərin bir qismi ya məhv edildi, ya da Amerikada sığınacaq tapdı.
Amerika Əfqanıstana da Talibanı məhv etmək məqsədilə daxil olmuşdu, şimal koalisiyasının dəstəyi ilə paytaxt Kabili nəzarət altına aldı. Ancaq 20 il ərzində Talibanı məhv edə bilmədi, Taliban gücləndi və Amerika Vyetnamda olduğu kimi tələsik Əfqanıstanı tərk etdi. Taliban hazırda arda-arda hücumlar təşkil edir, qətliamlar törədir, bu qruplaşmanın Əfqanıstan hakimiyyəti ilə danışılar əsasında hakimiyyəti bölüşmək fikri yoxdur, ölkənin tamamına iddialıdır. Hazırda Əfqanıstanı tərk etmək istəyənlərin sayı artıb. Vaşinqton bu illər ərzində onunla əməkdaşlıq edən əfqanlara qətliam təhlükəsi qarşılığında Amerikada sığınacaq vermək əvəzinə onları ya ölümlə üz-üzə qoyur, ya da Əfqanıstana qonşu ölkələrə qanunsuz miqrasiyaya istiqamətləndirir. Əfqanlar İran üzərindən Türkiyəyə axın etməyə çalışırlar. Bu arada, İranla sərhədimizdə nəzarəti gücləndirməyə ehtiyac var”.