15 Avqust 2021 22:42
4 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmənulla xan!

1892-ci ildə Həbibulla xanın üçüncü oğlu kimi dünyaya göz açdı.

1919-cu ildə atasının sui-qəsd nəticəsində öldürülməsindən sonra əmisi və qardaşını yenərək Əfqanıstan taxtına sahib oldu.

Əfqanıstanın müstəqilliyini elan etdi, ingilislərlə savaşdı, 1919-cu ilin 8 avqustunda Ravalpindi müqaviləsi ilə bağımsızlığını onlara tanıtdı.

Ardınca yeni yaranan hökumətlərlə yaxın münasibətlər qurdu. 1921-ci ilin 28 fevralında Rusiya ilə, 1 martda isə Türkiyədə TBMM hökuməti ilə dostluq və əməkdaşlıq müqaviləsi imzaladı.

Üzünü təkcə Qərb ilə münaqişədə olan ölkələrə çevirmədi, eyni zamanda İtaliya, Fransa ilə də əlaqələr yaratdı, tərəqqi yoluna qədəm qoyan İran dövləti ilə də yaxınlaşdı.

Hətta ABŞ-a nümayəndə heyəti göndərildi, lakin önəmli nəticə əldə edilmədi. Amma 1921-ci ilin 22 noyabrında İngiltərə ilə dostluq müqaviləsi imzalandı.

Əmənulla xan bir qolunu Qərbə, bir qolunu isə Şərqə açmışdı. Buxara və Xivə ilə anlaşaraq Orta Asiyada federasiya qurmaq istədi. Amma Rusiyanın Türküstanı ələ keçirməsi bu projenin qarşısını aldı.

Əmənulla xan dövrün nəbzini tutmuşdu. Atatürk və Rza şah inqilablarının yolunu davam etdirərək ölkəsinin inkişafına çalışırdı.

Modernistdi.

Atatürk inqilablarını nümunə götürdü, Türkiyədən zabitlər, doktorlar, müəllimlər dəvət etdi ölkəsinə.

Atatürk kimi o da başa düşürdü ki, sürətli hərəkət etməsə, inqilabları yarımçıq qalacaq. Ona görə də yerli adət-ənənələrə rəğmən inqilabları sürətləndirməyə başladı.

1927-ci ildə Sovet İttifaqına, Avropaya, Hindistana, Türkiyəyə səfər edən Əmənulla xan inqilabları daha da sərt şəkildə qəbul etdirməyə çalışdı. Çünki ölkəsi Avropadan geri qalırdı, təkamül yolu ilə keçidin uzun vaxt tələb edəcəyini anlayırdı.

Amma nəticədə Əmənulla xan məğlub edildi.

Bu gün Əfqanıstanda baş verənlər eynilə təkrarlandı.

1929-cu ilin yanvar ayında Beççei-Saka adlı qruplaşma lideri Kabul şəhərini ələ keçirdi, Əmənulla xan Qəndəhara qaçmalı oldu.

Beççe özünün II Həbibulla xan elan edərək ölkə idarəçiliyini ələ aldı. Əmənulla xan hakimiyyəti geri qaytarmağa çalışsa da, məğlub oldu. Ömrünü mühacirətdə keçirərək 1960-cı ildə Avropada vəfat elədi. Nəşi ölkəsinə gətirildi, Cəlalabadda dəfn edildi.

*** Yazımızın adını “Əfqanıstan faciəsi” qoymağımız Məhəmmədəmin Rəsulzadənin eyniadlı məqaləsinə görədir.

1929-cu ildə “Odlu yurd” jurnalının birinci sayında yazdığı məqaləsində Rəsulzadə Əmənulla xanın məğlub olmasının səbəblərini detallı şəkildə izah edib.

Rəsulzadə Əmənulla xanın Əfqanıstanı mədəni və müasir bir ölkəyə çevirməsi yolunda göstərdiyi əzmkarlığın hər kəs tərəfindən bilindiyini yazıb: “Kral Əmənulla ilə kraliça Sürəyya həzrətlərinin o məşhuri-aləm səyahətləri hələ də xatirələrdədir. Bu ali səyyahlara, xüsusilə Sürəyya xanıma baxaraq Şərqdə həqiqi bir tərəqqi və mədəniyyət səviyyəsi görmək istəyənlər ciddən sevinmişdilər. Bu gün qardaş məmləkəti hərcmərclik içində buraxan kədərli hadisələr təkcə əfqan yenilikçilərini deyil, onların səmimi dostları olan bizlərin də ürəkdən təəssüfünə səbəb olmuşdur”.

Rəsulzadə daha sonra Əmənulla xanın məğlubiyyətinin səbəbi kimi Əfqanıstanın coğrafi durumu, keçdiyi yol, əhalisinin məşğuliyyəti, adət-ənənəsi haqqında geniş məlumat verib: “Əksəriyyəti heyvan bəsləyən köçəbə və qismən ziraətlə keçinən kəndlidən ibarət olan bu məmləkətdə şəhər əhalisi çox az, tacir zümrəsi zəif, əsnaf qismi isə olduqca məhdud və qeyri-mütəşəkkil haldadır. Qəbilə həyatı ilə yaşayan və feodal üsul-idarəsi olan bu məmləkətdə mütləq monarxiya ilə yaşayan məmləkətlərdəki münəvvər məmur sinfi belə yoxdur”.

Rəsulzadə haqlı olaraq Türkiyə və İranla müqayisədə Əfqanıstanda islahatların bərqərar olmasındakı əskiklikləri görürdü. Onun fikrincə, Türkiyədə başlayan islahatların Tənzimat dövrünə söykənən bir keçmişi vardır və bu gün bu islahatları dəstəkləyən ziyalı zabitlər iş başındadır. İranda da islahatları dəstəkləyən ticarət burjuaziyası mövcuddur, həmçinin ziyalı kəsim də cəmiyyətdə söz sahibidir: “Əfqanıstanda nə Türkiyədəki münəvvər zabitlər zümrəsi, nə də İrandakı ticarət burjuaziyası var. Orada başlıca olaraq iki sinif var: zəif əkinçilərlə, qüvvətli köçəbələr. Qəbilə həyatı ilə yaşayan Əfqanıstanda mərkəziyyəti idarə edəcək nə hərbi təşkilat, nə idari təsisat, nə də mədəni rabitə vardır... Bu şərait daxilində məmləkət fikriyyat və mənəviyyatı üzərində hakim olan qüvvət orta çağ fikriyyatı və klerikal zehniyyətdir. Mollalar, şeyxlər və mütəəssiblər, əlbəttə ki, qüvvətlidirlər”.

Rəsulzadəyə görə, belə bir mühitdə müntəzəm bir ordu təşkilatını, məktəbləri, iqtisadiyyatı təmin etmək gərəkli idi. Bunlar təşkil edildikdən sonra feodal müəssisələr tədricən ləğv ediləcəkdi, mədəni həyatın digər cəhətləri isə öz-özünə həyata keçəcəkdi. Ona görə də Rəsulzadə Əfqanıstan faciəsinin səbəbini bu şəkildə izah edib: “Bugünkü faciənin ən böyük amillərindən biri bu tədric üsuluna riayət edilmədən və yeni islahatı

həzm edəcək ictimai bir qüvvət hazırlamadan Əfqanıstanın təhəmmülü ilə qeyri-mütənasib bir təcrübəyə girişmək olmuşdur”.

Buna görə də Rəsulzadə yazısının sonunda Qərbin Şərqə olduğu kimi köçürülməsinin mümkünsüzlüyünə işarə edərək belə yazırdı: “Şərqin özünəməxsus inkişaf yolu və hər məmləkətin də öz ictimai bünyəsi və tarixi mərhələsinə mütənasib islahat yolları vardır”.

Beləliklə, o zamankı Əfqanıstan faciəsi bu gün də yaşanır. İyirmi il ərzində bölgədə terrorçuluğu məhv edəcəyik deyənlər nəticədə ölkənin tamamını onlara bağışladılar.

Əfqanıstanın Atatürkü olmaq yolunu seçən Əmənulla xan isə bu gün məzarında ən narahat şəxsdir...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər