6 May 2014 11:14
1 527
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eks-spiker Rəsul Quliyevin səlahiyyətli nümayəndəsi kimi tanınan Ağasif Şakiroğlu dünən yeni yaratdığı Gələcək Azərbaycan Partiyasının (GAP) Gənclər Komitəsinin iclasını keçirilib. Müşavirə KXCP-nin qərargahında baş tutub.
A.Şakiroğlu partiyanın R.Quliyevə aidiyatı olmadığını söyləsə də, hələ yaranmamışdan əvvəl GAP-ı R.Quliyevlə bağlayırdılar.
Eks-spikerin bu prosesdə qeyri rəsmi iştirak etdiyi bildirilir.
R.Quliyev Azərbaycan Demokrat Partiyası, Açıq Cəmiyyət Partiyasının qurucusu olub, lakin heç bir partiyada qalmayıb. Uzun müddətdir Sərdar Cəlaloğlu ilə yollarını ayıran R.Quliyev sonradan keçmiş müsavatçı Sülhəddin Əkbərlə ACP çərçivəsində bərabər çalışıb. Lakin ötən il eks-spiker lideri olduğu ACP-dən də istefa verib. Bir sözlə, indiyədək R.Quliyev heç bir partiyada qərarlaşa bilməyib.
S.Əkbər bu barədə fikir bildirmək istəmədi. O, R.Quliyevlə əlaqəsi barədə danışmağa marağının olmadığını söylədi.
ADP sədri Sərdar Cəlaloğlu isə R.Quliyevin qurucusu olduğu partiyalarda sonadək qalmamasını belə izah etdi: “Birincisi bu, Rəsul Quliyevin Azərbaycanda olmaması ilə bağlıdır. Azərbaycandakı obyektiv şəraitdən də asılıdır. Başqa partiyalar da dağıldı getdi. Üçüncüsü isə R.Quliyevin siyasi işə münasibətidir. O, bizim başa düşdüyümüz kimi klassik partiya funksioneri kimi düşünə bilmir. R.Quliyev tamamilə fərqli, təsərrüfatdan gələn adamdır. Əslində o, texnoloqdur, siyasi və ya ictimai xadim deyil. Texnoloqların düşüncəsi ideoloji liderlərdən çox fərqlənir. Burda olmadığına görə Azərbaycan reallıqlarını düzgün dəyərləndirə bilmir. Onun kimliyindən də çox şey asılıdır. Xarakterinin elə cizgiləri var ki, o cizgilər onun özünün maraqlarına zidd qərarlar verməsinə gətirib çıxarır”.
“Mənimlə Rəsul Quliyev arasına girənlər vardı”
Özünün də R.Quliyevlə bir vaxtlar yolunu ayırdığına toxunan S.Cəlaloğlu bildirdi ki, bir qrup adam eks-spikerə onun əleyhinə iş apardığı barədə yanlış məlumat ötürürmüş: “Guya onu hökumətə satıram, adından istifadə edib nələrsə edirəm. Biz 10 ilə yaxındır ki, ayrılmışıq. Bilavasitə mənimlə onun arasına girənlər R.Quliyev bizdən ayrılandan sonra onun ətrafından getdilər. Bu da onu göstərirdi ki, o adamlar bizim R.Quliyevlə münasibətimizin pozmaq üçün xüsusi olaraq ADP-yə daxil edilmişdi. Çox təəssüf ki, o cür adamlar yaltaq olur, həmişə liderin xoşladığı sözləri deyirlər. Beləliklə, “doveriya” qazanırdılar. Mənsə, partiya sədrinin buradakı məsul şəxsi kimi həqiqətləri dəqiq şəkildə çatdırırdım. Bəzən biz burda mitinqlər keçirirdik. O mənə zəng edib soruşurdu ki, bu gün mitinqdə nə qədər adam iştirak edirdi? Deyirdim ki, 3 min adam. Çünki mitinqi mən təşkil edirdim, istəyirdim ki, o gücümüzü bilsin. O deyirdi ki, nə danışırsan, mənə məlumat veriblər ki, ora 5-10 min adam gəlib. R.Quliyevin potensialını onun öz gözündə şişirtmək istəyənlər rəqəmi çox deyirdi. Mənsə, vicdanım qarşısında onu aldatmamaq üçün dəqiq məlumat verirdim. Rəsul Quliyev isə bundan başqa nəticə çıxarırdı. Guya mən onun buradakı şöhrətinə kölgə salırdım. Biz mitinqlər keçirəndə Qarabağ Azadlıq Təşkilatı (QAT) da mitinqlər keçirirdi. Onlar qərar verirdilər, sonra deyirdilər ki, partiyalar bu mitinqləri təşkil eləsinlər. Bir dəfə biz başqa partiya ilə birgə təşkil etdik, sonra elə oldu ki, bizim mitinqlə QAT-ın mitinqi üst-üstə düşdü. Mənə iştirak etməklə bağlı müraciət olundu. Dedim ki, iştirak edə bilməyəcəyik, bizim öz mitinqimiz var. Bir də ki, qərarı verəndə nəzərdə tutun ki, onu siz icra da etməlisiniz. Bunlar R.Quliyevin partiyamızdakı adamları vasitəsilə ona çıxıb demişdilər ki, guya QAT R.Quliyevlə bağlı mitinq keçirmək istəyir, S.Cəlaloğlu da buna imkan vermir. Rəsul Quliyev də mənə zəng etdi ki, sən hökumətlə əlbirsən, məni müdafiə edənlərin mitinq keçirməsinə imkan vermirsən. Mən də izah etdim ki, sənə verilən məlumat yanlışdır. Birincisi, biz özümüz mitinqə hazırlaşırıq, sən özün demisən ki, mitinq keçirin, mən şənbə günü QAT-ın, bazar günü ADP-nin mitinqini keçirə bilmərəm, insanları iki gün dalbadal küçəyə çıxara bilmərəm. Üstəlik onlar sizin hüquqlarınızı müdafiə etməyəcək”.
“Mənimlə qeyri-etik danışdı”
S.Cəlaloğlu həmin ərəfədə aralarında konflikt olduğunu yada saldı: “R.Quliyev o adamlara inandığına görə mənimlə də qeyri-etik danışdı. Partiyada baş katiblikdən istefa verdim. Telefonu da söndürüb R.Quliyevin zənglərinə də cavab vermədim. Gördüm ki, o dərəcədə lazımsız qüvvələr tərəfindən əhatə olunub ki, həqiqəti ona çatdırmaq mümkün deyil. Boş yerə əsəbləşmək istəmədim. Sonradan başqa yerdən zəng elədi, kobudluğuna görə üzr də istədi. Dedi ki, qal yerində, mitinq olsun, sonra danışarıq. QAT mitinqində R.Quliyevin adını çəkmədilər, bütün şüarlar, fikir və ideyalar onun təklif etdiyi ideyalara zidd idi. Mənə zəng etdi ki, şəxsiyyətsizlər məni aldatdı. Faktlar özü göstərir ki, Rəsul Quliyev asanlıqla idarə olunur”.
“Dedi ki, sən 6 ay siyasətdən çəkil”
Eks-spiker S.Cəlaloğludan siyasətdən geri çəkilməyi də təklif edib: “Hətta mənə təklif etdi ki, sən 6 ay siyasətdən çəkil. Söylədi ki, mənim tərəfdarlarım deyir ki, sən o qədər reytinq qazanmısan ki, mən kölgədə qalmışam. Mən də qayıtdım ki, siz mənim çiyinlərim üzərindəsiniz, mən nə qədər yuxarı qalxsam, siz də o qədər yuxarı qalxacaqsınız. Partiyada bir qrup adam vardı ki, qərarlarımızı icra etmirdilər. Başqa bir qrup isə həyatlarını riskə qoyub hər cür xidmət edirdi. Partiyanın işində aktiv olanları digərlərindən qoruyurdum. Belə təqdim etmişdilər ki, R.Quliyevin adamlarını sıxışdırıram. Onlar deyirdilər ki, bu, partiyadakı fəaliyyətlə yox, tərəfdarlıqla bağlı idi. Buna inanmışdı, partiyada iş görənlərə qarşı böyük düşmənçilik yaranmışdı. Beləliklə, partiyada çox ciddi ziddiyyətlər meydana çıxmışdı. Biz qurultay keçirməli idik. Göstəriş verilmişdi ki, qurultayın təşkilinə buraxılmayım. Partiyanın birinci müavini kimi bu məsələlərə rəhbərlik etməsəydim, o işi heç kim görə bilməzdi. Uşaqlar faktiki olaraq sədrin səlahiyyətlərini yerinə yetirən adam kimi mənim kənarda qalmağımın əleyhinə çıxdılar. İkinci ideya çıxdı ki, mən qalım, qurultaya hazırlıq komitəsinin sədri Rəsul Quliyev olsun. O da bizim partiyanın nizamnaməsinə uyğun deyildi. Partiya iki yerə ayrıldı, o, öz tərəfdarları ilə qurultayı gözləmədən məclis çağırdı. Məclisdə qurultay müddətini elan etdilər. Bu hərəkətlər də partiyanın parçalanması demək idi. Partiyanın rəhbər orqanları da R.Quliyevin tərəfdarlarını separatizmə görə partiyadan çıxardılar və biz ayrıldıq”.
Nərgiz

Müəllif: Teleqraf.com