“Əfqanıstanda “Taliban” rejimi qurulacaq, sərt dini addımlar atılacaq. Əfqanıstan uzun illər İslam radikallarının təsiri altında olacaq. İndi baş verənlər bunu deməyə əsas verir”.
Bu fikirləri Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Əfqanıstanın gələcəyi haqqında danışarkən bildirib.
Onun fikrincə, çoxlarının dediyindən fərqli olaraq Əfqanıstanda vətəndaş müharibəsi yoxdur:
“Bu ölkədə nə general Dustum var, nə də başqası. Məsud Şahın oğlu da faktiki bir şey edə bilmədi. Müqavimət göstərməyə cəhd etsə də, danışıqlar vasitəsilə sakitləşəcək. Mən hesab edirəm ki, “Taliban” uzun müddət Əfqanıstanda hakimiyyətdə oturacaq”.
Araz Əlizadə əmindir ki, “Taliban” radikal olmayacağını desə də, Əfqanıstanda radikal islamçılıq olacaq:
"Bu siyasət deyil, ənənə məsələsidir. Onlar çalışacaq ki, radikal islamçılıq Orta Asiya respublikalarına da sirayət etsin. Bu da sözsüz ki, Rusiyaya təhdiddir. Əslində “Taliban” Amerikanın planıdır. Bunu ABŞ kəşfiyyatı yaradıb. Bir zamanlar indi “Taliban” dediyimiz bu hərəkat sovet ordusuna qarşı vuruşurdu. Məşhur məsəl var, başqasına quyu qazma, özün düşərsən. Bir zamanlar bu qurumu ABŞ yaratdı, indi də zibilə düşdü. Yeri gəlmişkən, elə İŞİD qruplaşması da onların əl işi idi. Sonradan vəhşi və radikal hərəkata çevrildi, ABŞ onu vurmaq qərarına gəldi.
Amma “Taliban”ın yaradıcısının ABŞ olması belə təəssürat yaratmamalıdır ki, onlar Amerikanın sifarişlərini yerinə yetirəcək. Onlar artıq ABŞ-ın su qabından çıxıb. Amerikalılar Əfqanıstanı onlara təhvil verdilər. Gördülər ki, qarşılarını ala bilmirlər. İndilikdə “Talibanın” direktoru özüdür. Yeni direktor tapılmasa və onlarla dil tapan olmasa, özləri öz ağaları olacaq. Hadisələr göstərir ki, Çin təsir göstərmək istəyir, buna meyl edir. Rusiya da müəyyən təsirlər edir, çalışır ki, “Taliban”la normal münasibətlər qursun. Bu yolla Rusiya onları mülayimləşdirmək və Orta Asiya respublikalarına təsirini azaltmaq istəyindədir. Amma indi Əfqanıstanda əsas kənar oyunçu Çindir. Çinin pulu var, “Taliban” isə pulla işləməyə öyrəşib. Daha doğrusu, amerkanlar onları pis öyrədib”.