28 Avqust 2021 12:08
3 777
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son olay göstərdi ki, Gorus-Qafan yolunun nəzarətimizdə olması Ermənistan hakimiyyətinə və erməni cəmiyyətinə təzyiq üçün güclü alətdir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan-Azərbaycan sərhədindəki gərginlik ətrafındakı son gəlişmələrə diqqət çəkib:

“Ermənistan Baş naziri Nikol Paşinyan müharibə günlərində az qala hər gün Rusiya Prezidenti Vladimir Putinə zəng edir, Azərbaycanı dayardırmaq üçün ona yalvarırdı. İndi isə əksinə, Putin Paşinyana zəng edib sərhədəki vəziyyəti onunla müzakirə edib. Əlbəttə, Putin sərhəddə baş verənlər barədə səhih məlumatlara malikdir, ancaq Paşinyana zəng etməklə yenə hamıya mesaj göndərib ki, Rusiya prosesə nəzarət edir.

Azərbaycan sərhədçiləri yolu kəsdikdə ermənilərin köməyinə yenə rusiyalı hərbçilər çatdılar, danışıqlar məhz onlarla aparıldı və yol açıldı. Bundan sonra Putinin Paşinyana zəngi onu göstərir ki, bu problem də Rusiyanın vasitəçiliyi ilə həll olundu.

Buna baxmayaraq, Azərbaycan sərhədçilərinin yolu bağlaması Kreml üçün gözlənilməz idi. Əslində Gorus-Qafqan yolunun uzun müddət açıq qalması Kremlin Bakıdan xahişi idi. Ancaq ermənilər sərhədçimizi yaraladığına görə yol Bakıdan verilən qərarla qapadıldı. Yol açılsa da, Azərbaycan maraqlı tərəflərə - Ermənistana, Rusiyaya və həmin yoldan istifadə edən İrana bu səpgili mesaj yolladı: “Yol Azərbaycanın nəzarətindədir və istənilən zaman yenə qapada bilərik”.

Elxan Şahinoğlunun sözlərinə görə, son olay göstərdi ki, Gorus-Qafan yolunun nəzarətimizdə olması Ermənistan hakimiyyətinə və erməni cəmiyyətinə təzyiq etmək üçün güclü alətdir:

“Məhz bunun nəticəsində Paşinyan parlamentdə son çıxışında Zəngəzurda yaranmış son durum haqqında danışarkən erməni toponomik adlarına deyil, Azərbaycan toponim adlarına istinad edib, Azərbaycan tərəfinin Eyvazlı və Çayzəmi kəndlərində Qafan-Gorus yolunu bağladığını bildirib. Bu istədiyimiz müsbət nəticələri əldə etmək üçün qarşı tərəfə təzyiq siyasətinin davamı vacibliyini göstərir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər