Ağdamda sentyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfransın ilk günü başa çatıb.
Fonddan Teleqraf.com-a verilən məlumata görə, konfransdan öncə tədbir iştirakçıları Ağdam şəhərində Qarabağ xanlarının abidələr kompleksi və İmarət qəbiristanlığını, Çörək muzeyini, Ağdam Dövlət Dram Teatrını, Cümə məscidini və Mərkəzi meydanı ziyarət ediblər.
Tədbir iştirakçıları Ağdam torpağında birlikdə ağac əkiblər.
Konfransı açılış nitqi ilə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov açıb. Konfransda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulslari” I Beynəlxalq elmi-praktik konfransının iştirakçılarına müraciəti səsləndirilib.
Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini Sahib Ələkbərov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli çıxış edib.
Plenar iclasda Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov “İnnovativ və rəqəmsal Qarabağ iqtisadiyyatı: konseptual baxış”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov “Qarabağda innovativ iqtisadi sahələrin inkişaf potensialı və perspektivləri”, AMEA İqtisadiyyat İnstitutu “Post-konflikt ərazilərin bərpası” Elmi mərkəzinin rəhbəri, AMEA müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev “Post-konflikt ərazilərin effektiv məskunlaşdırılması məsələləri” mövzusunda çıxış edib.
Konfransda “Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər və gözləntilər”, “Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı”, “Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət”, “Məcburi köçkünlərin Ağdama və Qarabağın digər bölgələrinə qayıdışı” məsələləri müzakirə olunub.
Daha sonra yerli və xarici qonaqların iştirakı ilə sual-cavab sessiyası keçirilib.
Sonda xatirə şəkli çəkilib.
Qeyd edək ki, konfransın növbəti və son görüşü bu gün videoformatda keçiriləcək.
Xatırladaq ki, “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransın bütün təşkilati işləri Qarabağ Dirçəliş Fondu tərəfindən qarşılanıb.