27 Sentyabr 2021 08:47
318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respubikası Xarici İşlər Nazirliyi 27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü ilə bağlı bəyanat yayıb

Teleqraf.com-un məlumatına görə, bəyanatda deyilir:

“Bir il bundan öncə bu gün, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistan Respublikasının silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını almaq üçün cavab tədbirlərinə başladı.

Bu tədbirlər Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə həyata keçirildi. Bu, 44 günlük Vətən müharibəsinin başlanğıcını qoydu.

Vətən müharibəsi Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoydu, Azərbaycan ərazi bütövlüyünü təmin etdi, bir milyona yaxın azərbaycanlının fundamental hüquqları bərpa edildi. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdi.

Azərbaycanın ərazilərinin işğalına son qoyulması bu torpaqlarda Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən qeyri-qanuni fəaliyyəti geniş şəkildə üzə çıxardı. Buraya kütləvi şəkildə minaların basdırılması, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə məhv edilməsi, mənimsənilməsi, təbii ehtiyatların talan edilməsi, infrastrukturun darmadağın edilməsi və digər beynəlxalq hüquq pozuntuları daxildir. Həmçinin Ermənistanın çoxsaylı müharibə cinayətlərinə dair dəlillər aşkar edildi. Ermənistanı beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb edilmək üçün Azərbaycan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə müraciətlər etdi.

Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərini həyata keçirən, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atan Azərbaycan Hökuməti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində tədbirlər görür.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ordusunun şücaəti nəticəsində əldə etdiyimiz Qələbə Azərbaycan Respublikası tarixinin yeni dövrünü açdı, bölgədəki reallıqları dəyişdi və beynəlxalq ədaləti bərqərar etdi.

Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Biz Ermənistanı bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə bu fundamental prinsiplərə hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə Anım Günü kimi qeyd edilən 27 sentyabr tarixində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər