9 Oktyabr 2021 08:58
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Cəbrayıl rayonunun 4, Tərtər rayonun 1, Füzuli rayonunun 2, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir kəndinin işğaldan azad olunmasının 1 ili tamam olur.

Teleqraf.com 9 oktyabr 2020-ci il İkinci Qarabağ müharibəsinin xronologiyasını təqdim edir.

9 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Xocavənd rayonunun Sor kəndi və Hadrut qəsəbəsinin, Tərtər rayonunun Çaylı kəndi, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərinin işğaldan tam azad edildiyini açıqlamışdı.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, gecə ərzində gərgin döyüşlər ordumuzun üstünlüyü ilə davam etmişdi. Həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılır. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanır, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilir.

8 oktyabrda və gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib və sıradan çıxarılır. Həyata keçirilən başqa bir əməliyyat nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilir.

Azərbaycan Müdafiə Nazirliyi səhər saatlarında Cəbrayıl rayonuna Azərbaycan bayrağının sancıldığını əks etdirən videogörüntülər yayımlayır.

Saat 9 radələrində Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutulur. Rayonun Qarabağ kənd sakinləri 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu, 1958-ci il təvəllüdlü İbrahimov Nizami Cəfər oğlu və 1968-ci il təvəllüdlü Abbasov Alman Ənvər oğlu yaşadıqları evlərə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilir, o cümlədən onların yaşadıqları evlərə külli miqdarda ziyan dəyir.

Saat 11 radələrində Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutur.

Saat 14 radələrində Azərbaycan Müdafiə Nazirliyi ordumuzun mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun xeyli sayda hərbi texnikasını məhv etdiyini özündə əks etdirən videogörüntüləri yayır. Həmin radələrdə Ermənistan silahlı qüvvələri Bərdə və Ağdam rayonlarının ərazilərini intensiv atəşə tutur. Həmçinin düşmən Mingəçevir və Ağcabədi rayonlarının ərazilərinə artilleriya zərbələri endirir. Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun xeyli sayda BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilir.

Saat 16:30 radələrində Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edilir. Ermənistan tərəfi Azərbaycan Ordusunun Xankəndi şəhərini yenidən bombardman etdiyini açıqlayır.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirmişdir ki, bu günlərdə Ermənistan tərəfindən Beyləqan şəhərində məscidə, Gəncə şəhərində İmamzadə kompleksinə raket atılıb.

Sentyabrın 27-dən oktyabrın 9-na qədər Ermənistan ordusuna məxsus 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21 "Qrad", 1 "Uraqan", 10 özüyeriyən artilleriya qurğusu – onlardan 8-i 2S3 "Akasiya", 2-si "Qvozdika", 36 piyadanın döyüş maşını, 24 artilleriya batareyası, 2 "REM" və ya hava hücumundan müdafiə vasitəsi, 2 ədəd S-300 kompleksinin buraxıcı qurğusu, 25 "Osa" zenit raket kompleksi, 2 "Kub" zenit raket kompleksi, 4 "Repelent" radio-texniki manea vasitəsi, 136 top, 56 minaatan, 1 ədəd "TOS 1a" odsaçan sursatı, 2 ədəd radiolokasiya stansiyası, 1 "Kalçuqa" anteni məhv edilmişdi. Həmçinin 18 tank, 4 top, 22 piyadanın döyüş maşını, 12 minaatan, 4 "UAZ" maşını, 1 ekskavator, 27 "İqla" kompleksi, 1 "ZİL" maşını, 9 "QAZ" maşını hərbi qənimət kimi ələ keçirilir.

Saat 18 radələrində Goranboy rayonun Tap Qaraqoyunlu kəndinə Ermənistan silahlı qüvvələri tərəfindən 22 top mərmisinin atılması nəticəsində həmin kənd sakini 1980-ci il təvəllüdlü Mehracov Sənan Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilir. Eyni zamanda, Tərtər rayonunun inzibati mərkəzinin də top atəşinə tutulması nəticəsində rayon sakini 1968-ci il təvəllüdlü Fərəcov Müşfiq Təvəkkül oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilir. Axşam saatlarında düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikaları Azərbaycan Ordusu tərəfindən məhv edilir.

Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunmuş Suqovuşan və Talış kəndlərindən yeni videogörüntülər yayımlayır.

Saat 14 radələrində Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunun Quzanlı qəsəbəsini müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutması nəticəsində qəsəbə sakinləri 1979-cu il təvəllüdlü Hüseynov Əlizamin Cavid oğlu, 1978-ci il təvəllüdlü Zeynalov Elçin Əli oğlu, 1984-cü il təvəllüdlü Məmmədova Lalə Məhəmməd qızı və 1992-ci il təvəllüdlü Rzayev Elçin Hənifə oğlu qəsəbə ərazisinə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilir.


Müəllif: Yeganə Oqtayqızı