7 Oktyabr 2021 12:03
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Penitensiar müəssisələrdə saxlanılan məhkumların koronovirusdan dünyasını dəyişməsi və yoluxma halları müşahidə olunur. Belə ki, Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev, sabiq deputat Rəfail Cəbrayılov koronavirusdan dünyasını dəyişdi. Bundan başqa, hazırda İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev, həmçinin Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev də koronavirusa yoluxub. Onların vəziyyətinin ağır olduğu bildirilir. Bu insanların cəmiyyətdən tədric olunduğunu nəzərə alsaq, həmin şəxslərin necə yoluxması sual doğurur.

Teleqraf.com ədliyyə işçiləri, eləcə də məhkumlar arasında vaksinasiya prosesinin hansı mərhələdə olması ilə maraqlanıb.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsindən sorğumuza cavab olaraq bildirilib ki, Penitensiar müəssisələrdə hazırda məhkumların 97%-i hər iki doza vaksinasiya olunub: “Yeni daxil olanların dozalardan asılı olaraq, əgər azadlıqda olanda birinci doza vurulubsa, ikinci doza vurulmayıbsa, hər iki doza vaksinasiyası tələb olunan qaydada aparılır”.

Məhkumların tətbiq olunan vaksinlər arasında seçim imkanının olub-olmamasına gəlincə, qurumun cavabı belə olub: “Məhbusların “Sinovac” vaksini ilə peyvəndlənmə işi aparılır”.

Qurumdan verilən məlumata görə, hazırda cəzaçəkmə müəssisələrində saxlanılan məhkum və həbs edilmiş şəxslər arasında koronavirus infeksiyasına yoluxma hallarına tək-tək hallarda rast gəlinir: “Belə hallarda onlar dərhal ixtisaslaşmış müalicə müəssisələrində stasionar müalicəyə cəlb olunurlar və protokola uyğun olaraq müayinə və müalicə ilə əhatə edilirlər”.

Ədliyyə işçiləri arasında peyvəndlənmənin hansı səviyyədədə olması barədə sualımız isə cavabsız qalıb.


Müəllif: Yeganə Oqtayqızı