17 Oktyabr 2021 08:29
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Füzuli rayonunun 1 şəhəri və 7 kəndinin işğaldan azad olunmasından 1 il ötür.

Teleqraf.com 17 oktyabr 2020-ci il İkinci Qarabağ müharibəsinin xronologiyasını təqdim edir.

17 oktyabr 2020-ci ildə Prezident İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan tam azad edildiyini açıqlayır.

Oktyabrın 16-dan 17-nə keçən gecə Gəncənin yaşayış sahələri yenidən iki raket hücumuna məruz qalır. Bu, Gəncədə mülki şəxsləri hədəf alan sayca dördüncü raket hücumu olur. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla 16 nəfər şəhid olur, 55 nəfər isə yaralanır. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəyir.

Azərbaycan Baş Prokurorluğunun verdiyi məlumata görə, Ermənistan ordusu saat 01 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Lakin raketlər Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən havadaca zərəsizləşdirilir. Azərbaycan tərəfi atəşin Ermənistan ərazisindən həyata keçirildiyini bildirir.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) verdiyi məlumata görə, raketin düşdüyü yerdən tapılan parçalar onun Elbrus əməliyyat-taktiki raket sisteminin ballistik raketlərinin olduğunu göstərir.

Qeyd edək ki, Ermənistanın mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da vardır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hücumu "Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktı" adlandırıb.

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri səhər saatlarından başlayaraq Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur.

Həmin gün əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilir. 16 oktyabr tarixində gün ərzində və 17 oktyabr tarixinə keçən gecə Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi vəzifəli döyüş mövqelərini özbaşına tərk edərək geri çəkilir. Azərbaycan Ordusu tərəfindən sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilmiş və sıradan çıxarılır. 27 sentyabrdan oktyabrın 17-dək Ermənistan ordusuna məxsus 234 tank, 49 ədəd piyadanın döyüş maşını, 16 ədəd özüyeriyən artilleriya qurğusu, 190 ədəd müxtəlif çaplı toplar, 2 ədəd "Uraqan" sistemi, 1 ədəd "TOS 1a" odsaçan sursatı, 2 ədəd “Elbrus” əməliyyat-taktiki raket kompeksi, 1 ədəd “Toçka-U”, 2 ədəd “S-300” kompleksi, 35 ədəd "Osa" zenit raket kompeksi, 3 ədəd “Tor” zenit-raket kompleksi, 5 ədəd “Kruq” və “Kub” zenit raket kompleksləri, 9 ədəd radioelektron mübarizə sistemləri, 196 ədəd yük avtobili məhv edilir. 36 tank, 24 ədəd piyadanın döyüş maşını, 98 ədəd yük avtomobili isə qənimət kimi ələ keçirilir.

Saat 12 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun S-300 zenit-raket kompleksinin məhv edildiyini göstərən videogörüntü yayımlayır.

Saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində Azərbaycan Ordusu mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistana məxsus 1 ədəd Su-25 təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrinin dəqiq atəşi ilə məhv edilir. Ermənistan tərəfi bunu inkar edib. Gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki Azərbaycan Ordusu mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərərkən Hava Hücumundan Müdafiə bölmələri tərəfindən dərhal aşkar olunaraq məhv edilir.

Saat 16 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun yanacaq-sürtkü materialları və döyüş sursatı anbarlarının aviasiya zərbələri ilə darmadağın edildiyini göstərən videogörüntü yayımlayır. Həmin radələrdə Ermənistan silahlı birləşmələri tərəfindən Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Arazbar kəndinin 1 sakini yaralanır.

Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı son iki gündə dəqiq zərbə ilə Ermənistan silahlı qüvvələrinə məxsus 3 ədəd “Tor-M2KM” zenit-raket kompleksi məhv edilir. Cəbhənin Ağdərə-Ağdam istiqamətində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilir.

Saat 19:40 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin “S-125” zenit-raket kompleksi sıradan çıxarıldığı açıqlayıır. Ermənistan ordusunun “Qara Qaplan” könüllü dəstəsinin komandiri Rüstəm Qasparyan ağır qəlpə yarası aldıqdan sonra Xankəndi şəhərindən İrəvana aparılsa da, müalicə aldığı xəstəxanada ölür.

Saat 21 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Ağdam rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması səbəbindən Mahrızlı kənd sakini 1981-ci il təvəllüdlü Həsənov Ramil Kamal oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış, yaşayış evinə isə külli miqdarda ziyan dəyir.

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.


Müəllif: Yeganə Oqtayqızı