16 Oktyabr 2021 22:46
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək haqları, əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlər artırılır.

Prezident İlham Əliyev əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzaladı və Nazirlər Kabinetinə tapşırıqlar verdi.

Artıq bununla bağlı prosesə start verilib. Maliyyə Nazirliyi müvafiq təkliflərin hazırlanması üzərində işlədiklərini açıqladı. Beləliklə, bir neçə aydan sonra – 2022-ci ilin əvvəlində vətəndaşlar əmək haqlarını, pensiyalarını, sosial müavinətlərini və digər ödənişləri artımla alacaq.

COVID-19 pandemiyasının beynəlxalq iqtisadiyyata təsiri fonunda dünyanın əksər ölkəsi iş yerlərinin ixtisarı, sosial müavinətlərin, pensiyaların azaldılması, pensiya yaşının artırılması kimi addımlar atmağa məcbur olur. Çünki pandemiya təkcə qlobal sağlamlığa yox, həm də iqtisadiyyata ciddi zərbə vurdu. Beynəlxalq iqtisadiyyatın subyekti olan Azərbaycan da digər ölkələr kimi bu prosesdən zərərli çıxıb, lakin burada əsas fərq vətəndaşa yanaşmadır.

Azərbaycan nə pandemiya, nə də postpandemiya dövründə vətəndaşın sosial rifahının yaxşılaşdırılması prioritetini arxa plana keçirdi. Bu, Avropa ölkələrində özəl sektordan tutmuş dövlət sektoruna qədər sahələrdə ciddi böhranlar yaşandığı, ixtisarların getdiyi, sosial müavinətlərin kəsilməsi fonunda daha qabarıq görünür.

XIX əsrdə alman alim alimi Lorens fon Şteyn tərəfindən irəli sürülən sosial dövlət (vətəndaşın rifahını başlıca vəzifə qəbul edən dövlət) anlayışı adətən Qərbin rifah dövlətlərinə şamil olunur. Hərçənd, hardkapitalizmin olduğu inkişaf etmiş ölkələr kateqoriyasına daxil olan dövlətlər pandemiya zamanı bu anlayışdan tamamilə imtina etmiş vəziyyətə düşdülər. Əslində bu, ilk dalğada yıxılan qum qalalarına da bənzəyirdi. Pandemiya sözün gerçək mənasında dünya üçün sınaq oldu və bu sınaqdan heç də hər kəs üzüağ çıxmadı.

Azərbaycan sınaqdan çıxa bilən və bütün iqtisadi itkilərə rəğmən, vətəndaşın rifahının yaxşılaşdırılması istiqamətində addımlardan geri çəkilməyən nadir ölkələrdəndir. Və biz təkcə pandemiyanı yox, eyni vaxtda Vətən müharibəsini də yaşamış ölkəyik. Müharibənin iqtisadi tərəflərini nəzərə aldıqda bu, qat-qat artıq çətinlik yaradır.

Amma Prezident İlham Əliyev “Azərbaycan dövlətinin mərkəzində vətəndaş dayanır” devizli siyasətini davam etdirir. Bu siyasətin nəticələrinə təkcə son üç ildə baxmağımız Azərbaycanın sosial dövlət olduğunu anlamağa kifayət edir.

2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyev ölkədə çoxvektorlu islahatlara start verdi. Bu islahların ana qanadlarından biri də məhz sosial paket layihəsi idi: Azərbaycanın hər bir vətəndaşı dövlətin sosialyönümlü addımlarından faydalanmalıdır.

Bu prosesi bir neçə mərhələyə ayırmaq olar.

Birinci mərhələ: şəhid ailələrinə diqqət və problemli kreditlərin həlli

- 12 min 200-dən çox şəhid ailəsinə 11 min manat ödəniş edildi;

- Şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata qaldırıldı;

- Əfqanıstan müharibəsində həlak olanların ailələrinə verilən müavinətlər 220 manatdan 300 manata qaldırıldı;

- Minimum əmək haqqı və minimum əmək pensiyaları 38 faiz artırıldı;

- Çoxmənzilli binaların sənədləşdirilməsi probleminin həllinə start verildi;

- Problemli kreditlər məsələsi vətəndaşların xeyrinə həll edildi;

İkinci mərhələ: vətəndaşın gəlirlərinin artırılması

- Minimum aylıq əmək haqqı, minimum pensiya və sosial müavinətlər 40 faiz artırıldı və iki mərhələdə ümumi artım 80 faizə çatdı;

- Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz artırıldı;

- Hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əmək haqları 40 faiz artırıldı;

- Dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırıldı;

- Dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırıldı.

İlk iki mərhələdə həyata keçirilən sosial paket ümumilikdə 4 milyondan çox vətəndaşı əhatə edirdi.

Üçüncü mərhələ: vətəndaşın sağlamlığı və rifahı uğrunda mübarizə

2020-ci il özü ilə bütün bəşəriyyət üçün eyni bəlanı – pandemiyanı gətirdi. Planet təkcə xəstəlik və ölümlə deyil, həm də sosial çətinliklər, işsizlik və aclıqla üzləşdi. Epidemiyanın yayılmasını minimallaşdırmağın yeganə yolu olan karantin strategiyasının tətbiqi sosial-iqtisadi çətinlikləri dünyanın bir nömrəli probleminə çevirdi.

"Evdə qal": bu, bütün bəşəriyyətin xilas üçün seçdiyi yeganə yol idi. Lakin insanlar sağlamlığını qorumaq uğrunda mübarizə apararkən, iş yerlərini itirməklə üzləşdilər. Uzaq Şərqdən Qərbə qədər dünyanın müxtəlif ölkələrində analoji hal yaşandı. Azərbaycan nadir ölkələrdən idi ki, “Evdə qal” devizinin davamı olaraq, “dövlət dəstəyi evinizə qədər gəlir” strategiyasını tətbiq etdi. Vətəndaşların sağlamlığının qorunması üçün karantin rejimini tətbiq edən Azərbaycan dövləti buna paralel şəkildə sosial-iqtisadi paketin hazırlanması və icrası istiqamətində də müvafiq addımlar atdı.

- dövlət özəl sektorda çalışanların əmək haqlarının böyük hissəsinin ödənməsini üzərinə götürdü;

- dövlət sektorunda işləyənlərin əmək haqları saxlanılmaqla məşğulluğu təmin olundu; (Dövlət və özəl sektor üzrə 1 milyon 629 min işçinin əmək haqqısı dövlət tərəfindən ödənildi).

- 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirildi və təqribən 300 min fərdi sahibkara dəstək verildi;

- karantin dövründə vətəndaşlara birdəfəlik ödənişlər edildi: 600 min vətəndaş bundan yararlandı;

- yeni iş yerlərinin yaradılması istiqamətində mühüm addımlar atıldı: 90 min ödənişli ictimai iş yerinin yaradılması belə nümunələrdəndir;

- ailələrin özünüməşğulluq proqramı həyata keçirildi:

- xüsusi həssas təbəqələrə hərtərəfli dəstək göstərildi;

- əhalinin kommunal ödənişlərində güzəştlər tətbiq olundu və s.

Təsadüfi deyil ki, Azərbaycan pandemiyaya qarşı effektiv mübarizə aparan ölkələr sırasında yer alır və burada vətəndaşın təkcə sağlamlığı yox, həm də sosial rifahının təmin edilməsi əsas prinsiplərdəndir.

Və nəhayət, dördüncü mərhələ: Azərbaycan pandemiyanın yaratdığı sarsıntıları geridə qoyaraq, iqtisadi bərpa yoluna qayıdır və Prezident İlham Əliyevin imzaladığı sərəncam göstərdi ki, dövlətin atdığı ilk addım məhz vətəndaşların sosial rihafının yüksəldilməsi istiqamətində oldu.

Bunu Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyalı sosial paketin dördüncü mərhələsi hesab etmək olar. Və bu prosesin davamlı olacağına şübhə yoxdur. Çünki Azərbaycan gerçək mənada sosial dövlətdir və bu ölkənin lideri İlham Əliyev daim vətəndaşı öz siyasətinin mərkəzində görür.


Müəllif: Aynur Camalqızı