19 Oktyabr 2021 08:53
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Cəbrayıl rayonunun 13 kəndinin işğaldan azad olunmasından 1 il ötür.

Teleqraf.com İkinci Qarabağ müharibəsinin xronologiyasını təqdim edir.

Ötən ilin bu günü Prezident İlham Əliyev özünün Tvitter səhifəsində Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin işğaldan tam azad edildiyini açıqlamışdı.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilmiş və sıradan çıxarılmışdı. Ermənistan Silahlı Qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq geri çəkilir. Alayın müdafiə sahəsində yerləşən 63-cü tank taborunun qərargah rəisi məhv edilmiş, 1-ci taborun komandiri və onun müavini Gevorq Makaryan isə yaralanır. Həmçinin 5-ci dağatıcı alayın müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edilmiş, digərləri isə döyüş mövqelərini özbaşına tərk edir. Ölənlər arasında tabor komandirinin müavini mayor Hayk Stepanyan da var. Ermənistan silahlı qüvvələri gecə ərzində Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisini minaatanlar və toplardan atəşə tutur.

Axşam saatlarında Ermənistan Müdafiə Nazirliyi cəbhənin şimal və cənub istiqamətlərində bu gün ağır döyüşlər getdiyini açıqlayıb.

Müdafiə Nazirliyi Cəbrayıl və Füzuli istiqamətində düşməndən əldə olunan hərbi qənimətlərin növbəti videogörüntüsünü yayıb.

Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri, Prezidentin köməkçisi Hikmət Hacıyev özünün Tvitter səhifəsində Ermənistan ordusunun humanitar atəşkəsin birinci günü saat 12-dən etibarən 5 rayona toplamda 229 mərmi atdığını açıqlamışdı. Bunlardan 160-ı Tərtər, 63-ü Ağdam, 6-sı Goranboy ərazisinə düşmüşdü. Həmçinin düşmən tərəf 1-i Xızı rayonu, 2-si Ağcabədi rayonunun Poladlı kəndinə olmaqla, 3 raket hücumu həyata keçirir.

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Tərtəri atəşə tutmağa davam etməsi nəticəsində 1962-ci il təvəllüdlü Səlimov Niyaz Hüseynağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış, yaşayış evinə isə külli miqdarda ziyan dəyir.

İşğalçı Ermənistanın Könüllülər Birliyinin sədri, parlamentin “Mənim Addımım” fraksiyasının deputatı Sasun Mikaelyan Qarabağda davam edən döyüşlər zamanı belindən və ayağından qəlpə yaraları alır. Saat 11:10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutur. Ermənistan silahlı qüvvələrinin bölmələri saat 12:00-dan başlayaraq işğal olunmuş Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini 82 və 120 millimetrlik minaatanlar və iriçaplı atıcı silahlardan atəşə məruz qoymuşdu.

Ermənistan silahlı qüvvələri hərbi əməliyyatlar aparılan ərazidən təxminən 300 kilometrdən artıq məsafədə yerləşən Xızı rayonu istiqamətində raket zərbələri endirməyə cəhd göstərərkən Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində raketin içərisində olan partlayıcı hissəciklərin bir hissəsi Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında strateji əhəmiyyətli Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsindən 250 metr məsafəyə səpələnir. Ermənistan tərəfi isə bu məlumatı təkzib etmişdi.

Saat 15 radələrində düşmən tərəfin silahlı birləşmələrinin Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutması nəticəsində rayonun Bənövşələr qəsəbəsinə top mərmisi düşməsi nəticəsində 1955-ci il təvəllüdlü Quliyeva Şamama İsa qızı və 1976-cı il təvəllüdlü Quliyeva Maya Məmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilir. Həmçinin həmin vaxt Bənövşələr qəsəbəsində olan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTv) cəbhəboyu zonaya ezam olunmuş əməkdaşı 1982-ci il təvəllüdlü Həsənov Anar Bəybala oğlu Ermənistanın mülki əhaliyə qarşı törətdiyi təxribatları dünya ictimaiyyətinə çatdırarkən düşmən tərəfindən atəşə tutulması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilir. Bundan başqa, rayonun Paşabəyli kəndi ərazisinə top mərmisi düşməsi nəticəsində kənd sakini Məhiyəddinli Çiçək İlyas qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilir.

Saat 17 radələrində Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutur.


Müəllif: Yeganə Oqtayqızı