20 Oktyabr 08:52
357

Bu gün Füzuli rayonunun 6 kəndi, Cəbrayıl rayonun 7 kəndi, Xocavənd rayonunun 5 kəndi, Zəngilan rayonunun 5 kəndi və Zəngilan şəhərinin işğaldan azad olunmasından 1 il ötür.

Teleqraf.com İkinci Qarabağ müharibəsinin xronologiyasını təqdim edir.

Ötən ilin bu günü - 20 oktyabr 2020-ci ildə Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycan Ordusunun daha bir neçə yaşayış məntəqəsini işğaldan azad etdiyini deyib. Dövlət başçısı aşağıdakı yaşayış məntəqələrinin azad olunduğunu bildirib:

Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri;

Cəbrayıl rayonu: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri;

Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndləri. Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

Zəngilan rayonu: Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar, minaatanlar və toplardan atəşə tutur. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilir.

Füzuli rayonu istiqamətində əks-hücuma keçən Ermənistan ordusunun bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində məhv edilir. Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olmuşdu. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilir. 5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir. 18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edir. 246-cı alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Qazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirilir.

Saat 13 radələrində Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutulur.

2020-cilin 27 sentyabrından 20 oktyabrına qədər Ermənistan ordusuna məxsus 241 tank, 50 ədəd piyadanın döyüş maşını, 17 ədəd özüyeriyən artilleriya qurğusu, 198 ədəd müxtəlif çaplı toplar, 58 minaatan, 2 ədəd "Uraqan" sistemi, 1 ədəd "TOS 1a" odsaçan sursatı, 53 ədəd tank əleyhinə raket sistemləri, 2 ədəd “Elbrus” əməliyyat-taktiki raket kompleksi, 1 ədəd “Toçka-U”, 4 ədəd “S-300” kompleksi, 40 ədəd "Osa" zenit raket kompleksi, 3 ədəd “Tor” zenit-raket kompleksi, 5 ədəd “Kruq” və “Kub” zenit raket kompleksləri, 8 ədəd radioelektron mübarizə sistemləri, 198 ədəd yük avtomobili məhv edilir. 39 tank, 24 ədəd piyadanın döyüş maşını, 12 minaatan, 25 qumbaraatan, 102 ədəd yük avtomobili isə qənimət kimi ələ keçirilir.

Saat 15 radələrində Ermənistan silahlı birləşmələrinin Tərtər rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutması nəticəsində rayonun Cəmilli kəndində fərdi yaşayış evinə top mərmisinin düşməsi nəticəsində kənd sakinləri - 1994-cü il təvəllüdlü İsaqlı Anar Rəsul oğlu və 1984-cü il təvəllüdlü Quliyev Anar Tofiq oğlu həlak olmuş, 1972-ci il təvəllüdlü Şabanov Murov Rəsul oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış, yaşayış evinə isə külli miqdarda ziyan dəyir.

Saat 17 radələrində Ermənistan ordusu tərəfindən Goranboy və Tərtər rayonlarının ərazisi raket-artilleriya atəşinə tutulur. Axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilir.

Həmçinin saat 19:30 radələrində Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi üzərində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilir.

Saat 16 radələrində işğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağının dalğalandığını göstərən videogörüntü yayımlanır.

Ermənistan tərəfi Azərbaycan Ordusunun Araz çayı boyunca geri çəkildiyini açıqlasa da, Azərbaycan tərəfi bu məlumatın yalan olduğunu bildirir. Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində ordumuzun əks-hücum əməliyyatları nəticəsində Ermənistan Silahlı Qüvvələrinin daha iki polkovniki - hərbi hissə komandirinin müavini olan Aşot Kazaryan və qərargah rəisinin müavini Geqam Qabrielyan məhv edilir.

Saat 20 radələrində Azərbaycan Müdafiə Nazirliyi Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələrinin məhv edildiyini göstərən videogörüntü yayımlanır.


Müəllif: Yeganə Oqtayqızı