21 Oktyabr 2021 08:53
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün - oktyabrın 21-i Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 5, Zəngilan rayonunun bir qəsəbəsi və 13 kəndlinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.

Teleqraf.com İkinci Qarabağ müharibəsinin xronologiyasını təqdim edir.

Ötən ilin bu günü - 21 oktyabr Prezident İlham Əliyev özünün Tvitter səhifəsində Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Turabad, Baharlı kəndlərinin işğaldan tam azad edildiyini açıqlamışdı.

Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Gecə ərzində cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam etmişdi. Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilmişdi. 5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilmiş, çoxlu sayda silah və sursat qənimət götürülür. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborunun şəxsi heyəti ilə birlikdə məhv edilir. 6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da var. Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun ərazisini artilleriya qurğularından atəşə tutmuşdu. Cəbrayıl istiqamətində gedən döyüş zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilir.

Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndinin yeni görüntülərini yayımlamışdı.

Gün ərzində Ermənistan silahlı qüvvələrinə məxsus 6 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilir. Onlardan 2-si cəbhənin Füzuli istiqamətində, 1-i isə Tərtər istiqamətində vurulur. Ermənistan tərəfi Azərbaycan Ordusunun Ağdərə şəhərini bombardman etdiyini açıqlayır.


Müəllif: Yeganə Oqtayqızı