22 Oktyabr 2021 08:53
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün - oktyabrın 22-i Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4, Zəngilan rayonunun 13 kəndi və bir qəsəbəsinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.

Teleqraf.com İkinci Qarabağ müharibəsinin xronologiyasını təqdim edir.

Ötən ilin bu günü - 21 oktyabr Prezident İlham Əliyev özünün “Tvitter” səhifəsində paylaşım edir: “Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Prezident həmin gün daha bir tvit paylaşır: “Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Gecə ərzində cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edir. Ermənistan Silahlı Qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla çoxlu sayda itki verir. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşmüş, taborun qərargah rəisi isə məhv edilir. 543-cü alayın müdafiə sahəsinə vurulan atəş zərəri nəticəsində şəxsi heyət arasında xeyli itki var. Alay komandiri yaralanmış, onun müavini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilir.

Saat 09:15-dən başlayaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən Füzuli rayonu ərazisindəki mövqeləri reaktiv artilleriya sistemlərindən atəşə tutur.

Səhər saatlarından başlayaraq Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulur.

Saat 07:00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09:00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılır. Raket zərbələri nəticəsində Qəbələ rayon sakini 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyir.

Həmçinin Ermənistan silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkə üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atmış, lakin Azərbaycan Ordusunun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşür.


Müəllif: Yeganə Oqtayqızı