2012-ci il may ayının 7-də respublikamızın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Yaradılan komissiyalar tərəfindən tərtib olunmuş baxış aktlarına əsasən müəyyən olunmuş 5281 qəzalı evdən ötən müddətdə rayonlar üzrə, Zaqatalada 4006, Qaxda 521, Balakəndə 736 olmaqla ümumilikdə 5263 fərdi yaşayış evinin, sosial obyektlər üzrə 10300 şagird yerlik 37 məktəb binasının inşası başa çatdırılıb. Həmçinin, 135 yerlik 2 uşaq bağçası tikilərək istifadəyə verilib. 18 fərdi yaşayış evinin tikintisi isə hazırda davam etdirilir. Bu müddətdə zəlzələdən ziyan çəkmiş 7478 ailəyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq 36 milyon 916 min 56 manat yardım ödənilib.
Zəlzələ baş verən ərazilərdə təbii fəlakətin fəsadlarının qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması ilə məşğul olan FHN-nin adından istifadə edən bəzi “işbazlar” zərərçəkmişləri aldadaraq, onların vəsaitlərini mənimsəməklə məşğul olurlar.
“Haqq” ödəmələrini iddia edirdilər
Özlərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kimi təqdim edən dələduzlar zəlzələ bölgəsində dəymiş ziyanı araşdıran və zərərçəkmişlərə yardım göstərən komissiyanın verdiyi qərarlara dəyişiklik etmək iqtidarında olduqlarını iddia edərək, zəlzələdən zərər çəkmiş və yalnız təmirə və ya gücləndirməyə ehtiyacı olan evlərin sahiblərinin külli miqdarda vəsaitlərini mənimsəyərək, onlara yeni evlərin tikiləcəyini və bunun müqabilində müəyyən miqdar “haqq” ödəmələrini iddia edirdilər. Lakin dələduzların verdikləri vədlərin yerinə yetirilmədiyini görən zərərçəkmişlər aldadıldıqlarını anlayarq bu barədə FHN-ə müraciətlər edərək, müvafiq tədbirlərin görülməsi və vəsaitlərinin geri qaytarılması üçün köməklik göstərilməsini xahiş ediblər.
Daxil olan şikayətlərin araşdırılması məqsədilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun göstərişi ilə nazirliyin Daxili təhlükəsizlik Baş idarəsinin əməkdaşları şikayətçinin müraciətinin araşdırılması üçün zəlzələ bölgəsinə ezam olunublar.
30 müraciət Baş Prokurorluqda
Respublikamızın şimal-qərb bölgəsində baş vermiş zəlzələ zamanı bəzi yerli kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinin qanunsuz hərəkətləri barədə FHN-nə daxil olmuş 55 vətəndaşın müraciəti üzrə nazirliyin Daxili təhlükəsizlik Baş idarəsində araşdırma aparılıb, onlardan 30 müraciətlə əlaqədar toplanıb materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna, göndərilib.
Azərbaycan Respublikasının Baş prokuroru I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov tərəfindən həmin materiallar xüsusi nəzarətə götürülməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci və sair maddələri ilə 8 cinayət işi başlanıb, bir neçə material eyni xüsusatlarla bağlı olduğundan başlanmış cinayət işlərinə əlavə edilmiş, digər materiallar üzrə araşdırmalar davam etdirilir.
20000 manat pulu alarkən yaxalanıb
FHN-nin Daxili təhlükəsizlik Baş idarəsinin və Baş prokurluq yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri zamanı “Merac Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətin İdarə heyətinin sədri Əliyev Səbuhi Bayram oğlunun öz qulluq mövqeyindən sui-istifadə etdiyi aşkara çıxarılıb. Özgənin əmlakını ələ keçirmək məqsədilə özünü vətəndaşlara türk iş adamı “Əmrə Ünlü”, “Səbuhi Əmrə” kimi təqdim edən Səbuhi Əliyev həmin şəxslərdə özünə inam yaradaraq guya FHN-i tərəfindən zəlzələ nəticəsində Zaqatala və Balakən rayonlarında zərər dəymiş evlərinin tikintisinin “Merac Holdinq” MMC-yə həvalə edilməsi barədə saxta əmrləri nümayiş etdirməklə evlərin tikinti işlərinə fiziki və hüquqi şəxsləri subpodratçı kimi cəlb edəcəyini vəd etməklə onlardan külli miqdarda pul alıb.
Səbuhi Əliyev Zaqatala rayonu ərazisində inşa ediləcək 204 evin tikintisinin “Bakıenerjitikinti” ASC-yə həvalə olunacağını yalandan əsaslandırmaqla bunun müqabilində hər ev üçün 120 manat olmaqla, cəmi 24480 manat istəmiş, 23 may 2014-cü il tarixində özünün xidməti otağında 20000 manat pulu “Bakıenerjitikinti” ASC-nin nümayəndəsindən alarkən əməliyyat qrupu tərəfindən cinayət başında yaxalanıb.
Bundan başqa, aparılmış araşdırma zamanı FHN-nin komissiyasının üzvü kimi təqdim etmiş Abdullayev İlkin Ələddin oğlu zəlzələdən zərər çəkmiş evlərinin yenidən tikilməsinə köməklik göstərmək adı ilə vətəndaşları aldadaraq onlardan külli miqdarda pul alıb. Cinayət işi başlanıb və hazırda işin bütün halları üzrə istintaq aparılmaqla müvafiq tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikasının Baş Prokurorluğu və digər hüquq-mühafizə orqanları ilə birgə bu cür faktlarla bağlı hər zaman ciddi mübarizə aparır və ölkə vətəndaşlarını belə “işbazların” yalan vədlərinə aldanmamağa çağırır.
İLHAMƏ