25 Oktyabr 2021 11:51
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı rayonu da böyük iqtisadi potensiala malikdir. İşğala qədər Qubadlı rayonunda əsasən kənd təsərrüfatı inkişaf etmişdi. Rayon iqtisadiyyatını əsasən taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. Qubadlı rayonunda ildə 15 min tona yaxın taxıl məhsulları,12 min tona yaxın yem, orta hesabla 2 min ton tütün, 3 min ton üzüm, 1.2 min tonadək ət və 2 min tona qədər süd məhsulları istehsal olunurdu”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından bir il keçir: “1 il öncə müzəffər Ali Baş Komandan xalqa müraciəti zamanı Qubadlı şəhəri və rayonun 7 kəndinin, Zəngilan və Cəbrayıl rayonlarının bir sıra kəndlərinin işğaldan azad olunduğunu bildirmişdi.

Qubadlı rayonu 1993-cü il erməni işğalınadək 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsinə malik olub. 27 illik işğal müddətində rayon ermənilər tərəfindən xarabalığa çevrilib, əmlakı məhv edilib və talanıb. 13,2 min hektar meşə sahəsi də işğal müddətində ermənilər tərəfindən ekoloji soyqırıma məruz qalıb”.

Analitik deyir ki, Qubadlı rayonunda təbii ehtiyatların həcminin çox olması sənayenin inkişafı üçün yeni imkanlar yaradır: “Bu baxımdan, yenidən qurulacaq Qubadlı rayonunda sənaye məhsullarının da istehsal olunacağı gözlənilir.

Şərqi Zəngəzurun digər rayonları kimi Qubadlının da turizm potensialı kifayət qədər yüksək qiymətləndirilir. Xüsusən də yay, qış və sağlamlıq turizm imkanları böyükdür.

İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı rayonu da bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Həyat və gülüşün Şərqi Zəngəzurun bu hissəsinə qayıdacağı gün də uzaqda deyil. Qarabağ Azərbaycandır! Allah şəhidlərimizə rəhmət etsin”.


Müəllif: Yeganə Oqtayqızı