28 Oktyabr 2021 08:51
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün - oktyabrın 28-i Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzuli rayonunun Mandılı, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qilican kəndlərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.

Teleqraf.com İkinci Qarabağ müharibəsinin xronologiyasını təqdim edir.

Ötən ilin bu günü - 28 oktyabr Prezident İlham Əliyev özünün “Tvitter” səhifəsində paylaşım edir: “Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə döyüşlər cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı rayonları istiqamətlərində davam etmişdi. Düşmənin hücum cəhdlərinin qarşısı alınıb. Düşmən itki verərək geri çəkilib. Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilmiş və sıradan çıxarılır.

Saat 07:30 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutur. Saat 07:35-dən 09:00-dək Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalır. Saat 10 radələrində Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri Ermənistan ordusu tərəfindən atəşə tutulur. Saat 10:15-də Ermənistan ordusu “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutur.

Günorta saatlarında Ermənistan tərəfi Azərbaycan Ordusunun Şuşa şəhərini bombardman etdiyini və Çanaqçı kəndi ətrafında döyüşlərin getdiyini açıqlayır. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Şuşa və Xankəndi şəhərlərinin Azərbaycan Ordusu tərəfindən raket atəşinə tutulması barədə yaydıqları məlumatın yalan olduğunu açıqlamışdı.

Saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinə qarşı yenidən “Smerç” raketlərindən istifadə edilərək zərbələr endirilir. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumata görə, hadisə nəticəsində 21 nəfər həlak olmuş, 70-dən artıq şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyir. Mülki əhali arasında xidmət aparan Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı raket atəşi nəticəsində həlak olmuş, bir əməkdaşı isə ağır yaralanır.

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri saat 14:40-dan etibarən Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutur. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin atəşə tutulması barədə yayılan xəbərin məqsədyönlü dezinformasiya olduğunu açıqlamışdı

Saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Tərtər rayonunun ərazisini atəşə tutur. Saat 16 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun ərazisini BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemlərdən və toplardan atəşə tutur.


Müəllif: Yeganə Oqtayqızı