1 Noyabr 2021 12:40
10 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rəsmi Bakı 44 günlük müharibədən sonra Qarabağ münaqişəsinin bitdiyini elan etdi. ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi isə tez-tez münaqişənin bitmədiyini, Qarabağdakı ermənilərə “status”un verilməsinin vacibliyindən danışır. Bu, ABŞ-ın rəsmi mövqeyidirmi, sizcə, səfir niyə bunda təkid edir?

- Qarabağın statusu ilə bağlı müzakirələrin aparılıb-aparılmadığını, bununla bağlı ABŞ hökumətinin hazırkı mövqeyinin necə olduğunu bilmirəm. Daha dəqiq desək, Qarabağda ermənilərin hələ də sakini olduqları və ya işğal etdikləri ərazilərin statusunun müzakirəsinə dəstək varmı? Səfir Linn Treysinin uzun illərdir ermənilərin statusu müzakirə etmək istədikləri barədə bəyanat verməsi məntiqlidir. Həm də bilmək lazımdır ki, atəşkəs bəyanatında statusun dəyişməsi haqda heç bir söz yoxdur.

10 noyabr Bəyannaməsi ictimaiyyət arasında, o cümlədən mənim tərəfimdən də az-çox danışılan Madrid prinsiplərinə çox bənzəyir. 10 noyabr atəşkəs bəyanatında olmayan bir şey Qarabağın hüquqi statusunun dəyişdirilməsidir, çünki bu, Ermənistanın istədiyi bir şeydir.

Müharibə zamanı Ermənistanın danışıqları bərpa etmək şansı və Qarabağın statusunun mümkün müzakirələrini ehtiva edən atəşkəs təkliflərinin əsasları var idi. Baş nazir Paşinyan belə bir atəşkəsə əməl etməkdən imtina etdi, ona görə də ən azından 10 noyabr Bəyannaməsinə görə statusu müzakirə etmək şansını itirdi.

Düşünürəm ki, Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsinin birdəfəlik həllini tapacaq yekun sülh sazişinin əldə olunması üçün hələ illər lazımdır. Ermənistan və Azərbaycan statusla bağlı hər hansı müzakirənin aparılıb-aparılmaması mövzusunda razılığa gəlməli olacaqlar. Məncə, bu sual ətrafında sonra danışmaq lazımdır. Bu, Azərbaycanın danışmaqdan imtina etdiyi bir mövzudur və Azərbaycanın suveren hüququdur.

- Xarici ölkələrin Azərbaycandakı səfirləri işğaldan azad edilmiş ərazilərə getdiyi halda, ABŞ-ın Azərbaycandakı səfiri hələ də ora ayağını basmayıb. Bunun səbəbi nə ola bilər?

- Səfir Li Litzenberqerin azad edilmiş ərazilərə səfər etmədiyini bilmirdim. Bu məlumatın nə dərəcədə doğru olub-olmadığına əmin deyiləm, amma hələ də həmin bölgəyə niyə getmədiyi barədə heç bir fikrim yoxdur. Mən onun getdiyini düşünürdüm...

- ATƏT-in Minsk qrupu 30 ilə yaxın bir müddətdə Qarabağ münaqişəsinin nizamlanması prosesini apardı, amma heç nəyə nail ola bilmədi. Münaqişə bitdikdən sonra yenə də fəaliyyətlərini bərpa etdiklərini açıqladılar. Həmsdər ölkələrin hər üçü çox vaxt Ermənistanın lehinə mövqe sərgiləyir. Sizcə, onların indiki fəallığı və belə bir mövqedə olması durumu yenidən gərginləşdirməyəcəkmi?

- Sualınızda “ATƏT-in Minsk qrupu 30 ilə yaxındır Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmasına baxmayaraq, heç nəyə nail ola bilməyib” fikrilə qətiyyən razı deyiləm. Bu, tamamilə yanlışdır. Minsk qrupu Ermənistan və Azərbaycan prezidentlərinə 2019-cu ilin yanvarında qeyri-rəsmi razılaşma çərçivəsində münaqişənin həllinə kömək etdi. Mən orada idim.

Həm Ermənistan Prezidenti Armen Sərkisyanın, həm də Azərbaycan Prezidenti İlham Əliyevin dediklərini eşitdim: “Biz qeyri-rəsmi olaraq bu çərçivə ilə razıyıq”.

Çərçivə məşhur Madrid prinsipləri idi. Həm Azərbaycan, həm də Ermənistan arasında hələ də bəzi detallar üzərində işləmək lazım idi və heç vaxt bu təfərrüatları yekunlaşdıra bilmədilər. Bu kontekstdə yadda saxlamaq lazımdır ki, vasitəçilər futbol meydançasındakı hakim kimidirlər. Onlar əmin olmağa çalışırlar ki, oyunun iştirakçıları - Azərbaycan və Ermənistan liderləri arasında ədalətli oyun ola bilər. Onlar oynaya – danışıqlar apara bilərlər və buna görə də vasitəçilər yaxşı müzakirənin və ədalətli oyunun olmasını təmin etməyə çalışırlar.

İki tərəfin fikir ayrılıqlarını necə aradan qaldırıla biləcəyinə dair təkliflər verəndə vasitəçilər oyundakı hakim mövqelərindən kənara çıxırlar. Amma günün sonunda, vasitəçilərin köməyi ilə razılığa gəlmək və sonra öz ölkələrinin vətəndaşlarını bu razılaşmaları qəbul etməyə inandırmaq liderlərdən asılıdır.

Mənim təcrübəmə görə, Minsk qrupunun Əliyevlə Sərkisyanın qeyri-rəsmi razılığa gəlməsinə kömək etməsi və 2019-cu ildə həm Azərbaycan, həm də Ermənistan üçün kompromis çox qeyri-populyar olardı. Çünki hər iki ölkənin əhalisi Qarabağ münaqişəsi ilə bağlı kəskin millətçi əhvalda idi və güzəştə hazır deyildilər. Beləliklə, son nəticədə ölkələrin özləri razılaşa bilmədilər. Vasitəçilərin bu və ya digər ölkəni hər hansı bir razılığa gəlməyə məcbur etmək səlahiyyəti yoxdur.

Siz istəməzdiniz ki, Minsk qrupunun vasitəçiləri Azərbaycanı Qarabağın statusunda heç bir şansı olmadığına razılaşmağa məcbur etsin. Ermənistan tərəfi də istəməzdi ki, vasitəçilər onları işğal etdikləri Azərbaycan ərazilərini dərhal geri qaytarmağa məcbur qoysun. Vasitəçi ölkələri heç nəyə məcbur etmir, sadəcə vasitəçilik edirlər. Tərəflərə razılığa gəlməyə kömək edirlər.

Məncə, sizin “Minsk qrupunun danışıqlarda vasitəçiliyi Ermənistanın xeyrinə idi” iddialarınız da tamamilə yanlışdır. Bunun reallıqla qətiyyən əlaqəsi yoxdur. Azərbaycan Milli Məclisinin elə üzvləri də var idi ki, mənim, səfir Metyu Brayzanın “persona non-qrata” elan olunmasını müdafiə edirdilər. Çünki onlar müəyyən müddəaların Ermənistanın xeyrinə olduğunu düşünürdülər.

Eləcə Ermənistanda da “persona non-qrata” elan olunmağımı istəyən ermənilər vardı. Çünki onlar mənim Minsk qrupunun həmsədri kimi Azərbaycana tərəfdar olduğumu iddia edirdilər və mənim səfirliyə namizədliyimi ABŞ-dakı Erməni-Amerika diaspor qrupu əngəllədi. Minsk qrupunun ermənipərəst mövqe tutduğunu iddia etmək gülüncdür.

- ABŞ müdafiə naziri Lloyd Ostin ötən günlərdə Gürcüstana gəldi. O, Tiflisdə olarkən, Rusiyanın Bakı və Ankara tərəfindən irəli sürülmüş “Altılıq” platformasında iştirakına etiraz etdi. Ostin bildirdi ki, hər üç Cənubi Qafqaz ölkəsi özləri belə bir platforma qursa, ABŞ buna dəstək verəcək. Hər üç ölkə bu məsələdə ABŞ-a güvənməlidirmi?

- Niyə kimsə ABŞ-a və müdafiə nazirinə etibar etməsin? Müdafiə naziri “ABŞ Rusiyanın 3+3 platformasında iştirakını bəyənməsə də, üç Cənubi Qafqaz ölkəsi belə bir platforma istəsə, ABŞ bunu dəstəkləyəcək” demişdi. Təbii ki, bu, ABŞ-ın siyasətidir. ABŞ bu cür şeylər haqqında yalan danışmır.

- ABŞ niyə NATO üzvü olan Türkiyənin Cənubi Qafqazdakı – Azərbaycandakı fəaliyyətlərinə dəstək vermir? Bir müttəfiq kimi, bu, ABŞ-ın da maraqlarına uyğun deyilmi?

- Mən inanıram ki , türk sülhməramlılarının Azərbaycanda olması Amerika Birləşmiş Ştatlarının milli maraqlarına və bütün NATO maraqlarına uyğundur. Təəssüf ki, Vaşinqtonda bu perspektiv təqdir edilmir, çünki Türkiyənin Cənubi Qafqazda , eləcə də Şərqi Aralıq dənizində, Suriyada, Liviyada motivasiyaları yanlış anlaşılır. Məncə, bu, qeyri-dəqiq və ədalətsiz yanaşmadır, Vaşinqtondakı anti-Türkiyə və anti-Azərbaycan lobbi qrupları tərəfindən idarə olunur.

Ona görə də Türkiyənin Azərbaycanda olması Vaşinqtonda lazımi qədər müsbət qarşılanmır. Türkiyənin atdığı bəzi aqressiv, Rusiyadan S-400 hava hücumu müdafiə sistemini almaq kimi addımları ABŞ Konqresi üzvləri arasında Türkiyənin NATO-nun etibarlı üzvü olub-olmaması sualını yaradıb. Konqresdəki bəziləri tərəfindən Türkiyənin həqiqətən də NATO-ya sadiq olub-olmadığı, Rusiya ilə daha çox əməkdaşlıq etmək istəyib-istəmədiyi müzakirə mövzusudur.

Rusiya ilə birgə koordinasiyasında sülhməramlılar olan Türkiyənin Cənubi Qafqazda pozisiyası ilə bağlı mütəxəssis olmayan insanlar Türkiyənin nə etdiyini səhv başa düşürlər. Onlar düşünə bilərlər ki, Türkiyə Azərbaycan, Ermənistan və Gürcüstana qarşı Rusiya ilə əməkdaşlıq edir.

Məncə, türk qoşunlarının Azərbaycanda olması gözəldir. Çünki bu o deməkdir ki, NATO qoşunları da oradadır və NATO-nun Rusiyanın Azərbaycanda nə etdiyini müşahidə edən gözləri və qulağı var.

- Cənubi Qafqazda Türkiyə və Rusiya arasında bir mövqe mübarizəsi var. Sizcə, bu mübarizədə üstün tərəf kim olacaq və ya kimdir? Türkiyə öz mövqeyini daha da gücləndirə biləcəkmi?

- Türkiyənin Cənubi Qafqazda nə qədər güclü olacağını uzunmüddətli perspektivdə təxmin edə bilmərəm, amma aydındır ki, Rusiya Cənubi Qafqazdakı qoşunlarının sayına görə daha fədakardır. O, Gürcüstanı işğal edib. Türkiyə heç vaxt Cənubi Qafqazda heç bir ölkəni işğal etməyib. Deməli, Rusiya Cənubi Qafqazda hərbi güc tətbiq etməyə hazır olduğunu nümayiş etdirib və Türkiyənin belə bir ambisiyası yoxdur.

Türkiyə Cənubi Qafqaz ərazilərini işğal etmək və Cənubi Qafqazda Ermənistana qarşı müharibə aparmaq niyyətində deyil. Rusiya Cənubi Qafqazda öz varlığını qorumaq və Cənubi Qafqaz ərazilərini işğal etmək üçün pul və qan xərcləməyə daha çox hazır olduğunu nümayiş etdirir.

- Sizcə, İran hansı səbəbdən Azərbaycanın öz ərazilərini azad etməsini etirazla qarşıladı?

- Öncəliklə, İran öz etnik azərbaycanlı əhalisinə təlqin etmək istəyirdi ki, 44 günlük müharibə zamanı Azərbaycan-İran sərhədi boyunca millətçiliyə qapılmamalı və İranın qalan hissəsindən hər hansı bir muxtariyyət və ya separatizm haqqında düşünməməlidirlər. Fikrimcə, İranı narahat edən əsas motivator bu idi.

Məncə, Azərbaycan, Pakistan və Türkiyə Azərbaycanda hərbi əməliyyatlarda köməkləşəndə İran həmin 3 ölkəyə qorxmayacağını göstərməyə ehtiyac hiss etdi. Məncə, İran həm qaçaqmalçılıq, həm də narkotik vasitələrin birbaşa ermənilər tərəfindən işğal olunmuş ərazilərə tranzitinin kəsilməsindən və normal ticarətdən narahat idi. Çünki bu o deməkdir ki, Azərbaycan indi qanunsuz ticarəti dayandırır və İran yük maşınlarının Azərbaycan ərazisini keçərək, hələ də mallarını Qarabağda yaşayan ermənilərə çatdırmasını əngəlləyir.

Mənim nöqteyi-nəzərimdən bura Azərbaycan ərazisidir və həmişə Azərbaycan ərazisi olub. Azərbaycan indi gömrük rüsumlarını toplamaq üçün öz suveren hüquqlarından haqlı olaraq istifadə edir və İran bu şərtlər daxilində fəaliyyətə öyrəşməli olacaq.

- Müharibədən sonrakı proseslərə baxdıqda nə görürsünüz: nəhayət, Ermənistan və Azərbaycan arasında barışıq olacaqmı?

- Ümid edirəm, Ermənistanla Azərbaycan arasında sülh olacaq. Kim bilir, olacaqmı?.. Hər şey Azərbaycan və Ermənistanın yekun sülh danışıqlarına nail olub-olmamasından asılıdır. Bu, Qarabağın hüquqi statusunun dəyişdirilməsinin mümkün olub-olmaması ilə bağlı bu fundamental sual üzərində işləməyi tələb edəcək. Mən bilmirəm, nə vaxtsa bu olacaqmı?

Əgər səbəb Azərbaycanla Ermənistan arasında həmişə gərginlikdirsə, bu barədə razılığa gəlmək lazımdır. Bundan əlavə, Azərbaycan və Ermənistan milli sərhədləri müəyyənləşdirməyə ehtiyac duyurlar. Nəhayət, baş nazir Paşinyan və prezident Əliyevin çağırışları səsləndirildikdən sonra gərginlik səviyyəsi xeyli azalacaq.


Müəllif: Nuray Qurbanlı

Oxşar xəbərlər