4 Noyabr 2021 15:32
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın Qarabağ bölgəsinə İrandan maşınların keçməsi ilə bağlı narahatlığımız İran tərəfinə çatdırılmışdı. Buna baxmayaraq, belə hallar davam etmişdi”.

Teleqraf.com-un məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, daha sonra Azərbaycan ərazisində yoxlama tədbirləri keçirilən zaman İran şirkətlərinə məxsus iki nəqliyyat vasitəsinin qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olması faktları aşkar edilmiş, həmin sürücülər saxlanılmış, maşınlar müsadirə edilmişdi: “Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlar davam etdirildi. Hesab edirəm ki, bu istiqamətdə normal nəticə əldə olundu.

İranın Şəhərsalma və Nəqliyyat Nazirliyi daxilində olan müvafiq qurum tərəfindən bu istiqamətlə bağlı rəsmi açıqlama verilmişdi”.

XİN başçısı qeyd edib ki, bu, Azərbaycan ərazilərinə yalnız qanuni giriş-çıxış məntəqələri vasitəsi ilə maşınların giriş-çıxışına icazə verilməsi, qanuni yollarla olmadan hər hansı ticarət müqavilələrinin bağlanmaması və sair istiqamətində açıqlama olub: “Eyni zamanda Azərbaycan tərəfindən humanist addım atılaraq, həmin 2 sürücü sərbəst buraxılmış və nəqliyyat vasitələri də İran tərəfində verilmişdi. İstənilən iki ölkə arasında hansısa məsələlərlə bağlı fikir ayrılıqları ola bilər. Azərbaycan hər zaman bu məsələlərin dialoq, qarşılıqlı münasibət, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurulması və həll edilməsinin tərəfdarıdır. Düşünürəm ki, bu istiqamətdə işlər davam edəcək. İran tərəfindən də son həftələr ərzində bu istiqamətdə müsbət mesajlar səsləndirilib. Biz həmin mesajları da müsbət qarşılayırıq. Bizim məqsədimiz də məhz odur ki, İran dövləti ilə münasibətlərimiz keçmişdə olduğu kimi, müsbət müstəvidə inkişaf etsin”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər