4 Noyabr 2021 16:48
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıya, Azərbaycana yenidən gəldiyim üçün çox şadam. Azərbaycanın 1990-cı illərin əvvəllərində qara günlərinin şahidi olmuşam. Xarici işlər naziri olanda gülən insanlar az görürdüm, hər kəs qəm-kədər içində idi. İndi isə böyük zəfərin qazanılmasından sonra Bakıya gəldiyim üçün çox sevincliyəm. Bakının üzü gülür. Əvvəllər jurnalistlər məndən "Problemi necə həll edə bilərik?" soruşurdularsa, indi "Daha nələr edə bilərik?" deyirlər.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumuna dair təəssüratlarını bölüşərkən deyib.

O bildirib ki, VIII Qlobal Bakı Forumunun keçirilməsi təqdirəlayiq haldır: "Mən ilk forumlardan iştirak edirəm. Bu forum isə çox vacibdir, fərqli mövzuda təşkil olunub. COVID-19 virusu bütün dünyanı zəbt edib. Varlıya, kasıba, pisə, yaxşıya baxmır. Bütün dünya bundan təsirləndi və bu hələ də davam edir.

Nizami Gəncəvi Mərkəzinin belə forum təşkil etməsi alqışlanmağa layiqdir. Bu forumda COVID-19-dan sonra dünyanın başqa dünya olacağını danışacağıq. Hər şey dəyişəcək. Sağlamlıq mövzusunda insanlara çox şey öyrədildi, maskalı dünya haqqında danışırıq. Peyvənd oldunuzmu? Neçə doza peyvənd olunmusunuz? Bütün bunların fonunda istiqadi baxımdan da dünya böyük çətinliklər içindədir. Dünyada post-pandemiya dövrü ilə bağlı müzakirələr aparılır. Quraqlıq olacaqmı? İqlim dəyişiklikləri necə olacaq? Bundan sonra sağlamlıq mövzusu necə ələ alınacaq? Bütün dünya iqtisadi çətinlikdən əziyyət çəkir və bu davam edəcək".

Hikmət Çətinin sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda sülh, istiqlal və rifahı saxlamaqdadır:
"Bu mövzuda problem yaradan və suala cavab verməli olan Ermənistan tərəfidir. Prezident İlham Əliyev bir neçə dəfə sülhün necə bərqərar olunacağını deyib. Ermənistanın qisas almaq fikrindən imtina etməsi lazımdır. Bu mövzunun bundan sonra müharibə ilə həll olunacaq tərəfi yoxdur. Ermənistan, Türkiyə və Azərbaycanın ortaq bir nöqtəyə gəlməsi, dostluq əlaqələri qurması lazımdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər