Ermənistan siyasi prosesin ləngidilməsi, süni şəkildə uzadılması müstəvisindən xalqımıza və dövlətimizə qarşı təcavüz və hərbi təxribatlar yolunu seçmişdi. Təbii ki, bu halda artıq Azərbaycan dövlətinin belə demək olarsa, səbir kasası daşdı. Həm ölkəmizin Konstitusiyasının, həm də BMT-nin Nizamnaməsinə uyğun şəkildə və beynəlxalq humanitar hüququn bütün qaydaları gözlənilməklə Azərbaycan əks-hücum əməliyyatına başladı.
Teleqraf.com xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında ölkəmizin Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün niyə müharibə yolunu seçməsinə aydınlıq gətirərkən deyib.
Nazir qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində 7 rayonumuz, Şuşa şəhərimiz, o cümlədən 9 şəhərimiz və yüzlərlə yaşayış məntəqələrimiz işğaldan azad edildi: "Azərbaycan beynəlxalq sənədlərdə olan sərhədlərini - Ermənistan-Azərbaycan və İran-Azərbaycan dövlət sərhədlərini bərpa etdi. Ermənistan-Azərbaycan arasında post-münaqişə dövrünə aid olan bir sıra məsələlər var. Bura nəqliyyat, kommunikasiya xətlərinin açılması məsələsi də daxildir. Bu məsələ Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatda yer alıb".
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası keçirilməyib: "Ümumilikdə bu, normal hal deyil. Dövlət sərhədlərinin müəyyənləşdirilməsinin sivil qaydaları var. Humanitar tipli məsələlər də var. Üçtərəfli bəyanatda həmçinin xəritələrin təhvil verilməsi də yer alıb. Bu istiqamətdə bir çox təşəbbüslər də mövcuddur. Qonşu dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı təşəbbüslər irəli sürülür. Azərbaycan tərəfi heç vaxt danışıqlardan çəkinməyib. Danışıqlarla bağlı çağırışlara hər zaman cavab vermişik. Mövqeyimiz ədalətlidir. Beynəlxalq norma və prinsiplər əsasında biz hər zaman münasibətləri normallaşdırmağa hazırıq. Bunun üçün görüşlər keçirmək lazım olacaqsa, biz görüşlərə açığıq. Təbii ki, gələcəkdə belə görüşlərin keçirilməsi istisna deyil".