COVID-19 pandemiyası ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çağırış edib. Dünən forumda apardığımız müzakirələr çox təqdirəlayiq idi. Müzakirələrdə də gördük ki, burada COVID-19 peyvəndlərinin vaxtında, keyfiyyətli və ədalətli paylanmasında problemlər var. Dünya üzrə aztəminatlı ölkələrin 10 faiz əhalisi vaksinləşib.
Teleqraf.com xəbər verir ki, bunu Amerika Xarici Siyasəti üzrə Milli Komitənin prezidenti Susan Elliott “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu"nda deyib.
Onun sözlərinə görə, vaksinlənmə ilə bağlı xüsusilə Afrikada acınacaqlı vəziyyət müşahidə olunur: "Afrikanın yalnız 5 faiz əhalisi birinci doza vaksin olunub. Bununla yanaşı, bəzi ölkələrdə əhalinin 1,3 faizi peyvəndlənə bilib. Dünyada əhalinin 13 faizi peyvəndlənib. COVAX proqramından daha çox faydalanmaq lazımdır. ÜST-də vaksinlərin daha ədalətli paylanması sisteminin hazırlanmasına kömək etməliyik. ÜST vaksinlərin dünyada ədalətli paylanmasına nəzarət etsin".
O qeyd edib ki, zəngin ölkələr vaksinlərin paylanmasında böyük rol oynamalıdır:
"Vaksinlərin istehsalı ilə ABŞ, Rusiya, Çin, Avropa İttifaqına üzv olan dövlətlər məşğul olur. Bu baxımdan düşünürəm ki, buraya vəsait ayrılmalı və vaksinlərin paylanmasına dəstək göstərilməlidir. COVAX təşkilatında Çin, Yaponiya, Hindistan, Böyük Britaniya, Kanada, İsveçrə, Fransa, Polşa iştirak edir.
Burada böyük eksperlərdən ibarət müzakirə paneli təşkil etdik. Hesab edirəm ki, müzakirələr sayəsində vaksinlərin ədalətli paylanmasına müəyyən kömək edə bilərik".