Bu gün – noyabrın 20-i Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.
Teleqraf.com İkinci Qarabağ müharibəsinin xronologiyasını təqdim edir.
Ağdam rayonunun işğalından azad olunması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanat əsasında baş verib. Bəyanatda 10 noyabr 2020-ci ildən etibarən tam bir atəşkəs və Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilir. Bu bəyanatın müddəalarına əsasən, Azərbaycan Ordusu bölgədə tam qalib elan edilir.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına təhvil verilir.
Ağdam 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail olmuşdular.
Prezident İlham Əliyev noyabrın 20-də xalqa müraciət edir:
Dövlət başçısı Ağdam rayonunun işğaldan azad olunması münasibətilə həmvətənlərini, daha sonra bütün ağdamlıları təbrik edərək, onların artıq məcburi köçkün olmadığını deyib: “Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam sakinlərinin sayı 204 min nəfərdir”.
Dövlətimizin başçısı bildirib ki, son illər ərzində Ağdam rayonunun bizim nəzarətimizdə olan hissəsində 18 köçkün şəhərciyi salınıb və rayonun ərazisinə 93 min köçkünü yerləşdirilib. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam əhalisinin 45 faizi rayonun ərazisində yaşayır.