14 Noyabr 2014 18:51
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov noyabrın 14-də Pakistan İslam Respublikası Baş Nazirliyinin nəzdində fəaliyyət göstərən Beyt-ul-Malın icraçı direktoru Abid Vahid Şeyx ilə görüşüb.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Abid Vahid Şeyx rəhbərlik etdiyi təşkilatın xeyriyyə fəaliyyəti haqqında ətraflı məlumat verib və rəhbərlik etdiyi qurumun 2012-ci ildən başlayaraq Heydər Əliyev Fondu və Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə sıx əməkdaşlıq etməsini xüsusilə vurğulayıb. İcraçı direktor Heydər Əliyev Fondunun dəstəyilə Beyt-ul-Malın nəzdində fəaliyyət göstərən uşaqlar və qocalar evlərinə göstərilmiş yardımlara, həmçinin sel daşqınları və leysan yağışlardan zərər çəkmiş Pəncab əyalətinin 8 və Kəşmirin 2 rayonunda insanlara göstərilmiş humanitar yardımlara görə AIDA-ya bir daha minnətdarlığını bildirib.

Vahid Şeyx hər il Pakistanda 5000 uşağın talassemiya xəstəliyi ilə anadan olduğunu və müvafiq müalicənin olmaması səbəbindən onların orta ömrünün cəmi 16-17 il təşkil etdiyini qeyd edərək, məhz bu səbəbdən Beyt-ul-Malın nəzdində Talassemiya və Hemofiliya bölmələrinin fəaliyyət göstərəcəyi Anemiya Mərkəzinin yaradılması haqqında qərar verildiyini bidirib.

Daşqın Şikarov isə iki ölkə arasında qədim tarixə söykənən ənənəvi dostluq əlaqələrindən danışıb. Səfir, Azərbaycanın birinci xanımı UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyevin Fondu tərəfindən Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələr barədə məlumat verib. Səfir, eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan və pulsuz müayinə təmin edən Azərbaycan Talassemiya Mərkəzinin fəaliyyəti haqqında danışıb.

Daha sonra D.Şikarov icraçı direktorun müşayiəti ilə Anemiya Mərkəzinə səfər edib, burada aparılan tikinti və təmir işləri ilə tanış olub. D.Şikarov Beyt-ul-Malın icraçı direktoru Abid Vahid Şeyxə İslamabad şəhərində Anemiya Mərkəzi üçün təmir işləri və avadanlıqların alınması məqsədilə Heydər Əliyev Fondu adından maliyyə yardımı göstərib.

Beyt-ul-Malın icraçı direktoru Abid Vahid Şeyx İslamabadda Anemiya Mərkəzinin yaradılmasına göstərdiyi yardıma görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib, bu addımın iki dost ölkələr arasında dostluq münasibətlərinin təzahürü kimi qiymətləndirib. O, Anemiya Mərkəzinin Bakıda fəaliyyət göstərən Talassemiya Mərkəzi ilə əməkdaşlıq edəcəyinə ümid etdiyini bildirib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər