İstanbulun Taksim Meydanında Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin Türkiyə Azərbaycan Dərnəyinin, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə “Qarabağ: işğaldan əvvəl və sonra” adlı sərginin açılış mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-averilən məlumata görə, sərginin açılışında Türk Şurasının baş katibi Ramil Həsənov, millət vəkili və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun İdarə heyətinin üzvü Sinan Oğan, Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun konsulu Kənan Murtuzov, digər rəsmi şəxslər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri, diplomatlar və siyasi partiyaların üzvləri iştirak ediblər.
Sərgidə Qarabağ müharibəsi və Azərbaycan torpaqlarında ermənilər tərəfindən həyata keçirilən soyqırımlar nəticəsində şəhid olanların ruhuna dualar oxunub. Daha sonra sərgi iştirakçılarına türk, rus və ingilis dillərində Qarabağda yaşananlardan bəhs edən kitab hədiyyə edilib. Tədbirdə ermənilər tərəfindən törədilən vəhşiliyi əks etdirən fotoşəkillər də nümayiş etdirilib.
Sərgini Azərbaycan və Türkiyə məktəblərində təhsil alan şagirdlər də ziyarət ediblər.
Qeyd edək ki, sərginin Belçika və Hollandiyada da təşkili nəzərdə tutulub.