15 Noyabr 2021 09:32
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) işə başlayıb.

Teleqraf.com xəbər verir ki, 3 gün davam edəcək tədbirdə 30-a yaxın ölkədən dövlət rəsmiləri, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palatalarının və biznes assosiasiyaların nümayəndələri, 500-ə yaxın xarici investor, iş adamı iştirak edir.

IBF-in məqsədi Azərbaycanın investisiya potensialını xarici sərmayədarlara tanıtmaqdır. Forumda Azərbaycan iqtisadiyyatına, o cümlədən sənaye, kənd təsərrüfatı və turizm sahələrinə investisiya qoyuluşu imkanları, Qarabağın investisiya potensialı, dövlət-özəl sektor tərəfdaşlığı (PPP) barədə panellər, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq, əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq.

Tədbir çərçivəsində həmçinin iş adamları Bakıda və regionlarda bir sıra istehsal müəssisələri ilə tanış olacaq, yerli sahibkarlarla əməkdaşlıq imkanlarına və investisiya qoyuluşuna dair müzakirələr aparacaqlar.

Xatırladaq ki, IBF-i 1995-ci ildə Müstəqil Sənayeçi İş adamları Dərnəyi (MUSİAD) təsis edib və hər il müxtəlif ölkələrdə keçirilir. Forumun məqsədi ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi, eləcə də post-COVID dövründə ölkələr arasında ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, birgə təşəbbüslərin reallaşdırılmasıdır.

IBF-in Bakıda keçirilməsi ilə bağlı bu ilin iyul ayında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi təşkilatçı ilə anlaşma memorandumu imzalayıb. Forum İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı Ticarət Nazirliyinin dəstəyi ilə, “Azərbaycan: Asiyanın incisi” şüarı ilə təşkil olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər