Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin avqust ayında işğal edilmişdi. Rayon işğal olunarkən 1 şəhər, 93 kənddən ibarət idi.
Teleqraf.com-un məlumatına görə, 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı Qubadlının şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı.
Vətən müharibəsi zamanı Qubadlının işğaldan azad edilməsi uğurlu əməliyyatların davam etdirilməsi üçün önəmli idi.
Çünki cəbhənin Laçın istiqamətində uğurlu əməliyyatların davam etdirilməsi üçün düşməndən bu ərazilərin geri alınması vacib şərtlərdən idi. Ordumuz var gücü ilə bu istiqamətdə irəlilədi.
Nəhayət, oktyabrın 25-də Qubadlı işğaldan azad edildi. Vətən müharibəsinin 28-ci günündə işğaldan azad edilən Qubadlıdan sonra ordumuz ətraf əraziləri də düşməndən azad etməyə nail oldu.
Rəşadətli Azərbaycan Ordusu işğal altında olan Laçın rayonunun Güləbird, Səfiyan, Türklər kəndlərini azad etdi.
Laçın rayonu ümumilikdə üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçdi.
Bu ilin oktyabrın 25-də Prezident İlham Əliyev Qubadlıda ictimayyət nümayəndələri ilə görüşü zamanı bildirdi ki, 25 oktyabr müharibənin gedişatında önəmli yer tutub: “Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik. Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi”.
44 günlük Vətən müharibəsi dövründə qəhrəmanlıq göstərən ordumuzun hərbiçisi Əsgər Hacıyev bizimlə söhbətində bildirdi ki, bu müharibə hər bir azərbaycanlı üçün şərəfli olub. Onun sözlərinə görə, Ağcabədi rayonunun Nohur kəndində anadan olub və hazırda quru qoşunların komandosunda xidmət edir.
Əsgər Hacıyev bildirib ki, uşaqlıqdan torpaqlarımızın işğaldan azad olunması barədə düşünüb, belə düşüncə ilə də ordu sıralarına qoşulub: “Həmin dövrdə mən anadan olmamışdım, 1997-ci il təvəllüdəm. Həmişə düşmənı qarşı döyüşüb, torpaqlarımızı işğaldan azad etməyi fikirləşmişəm. Bu fikirlə də ordu sıralarına yazılmışam. Bilirdim ki, nə vaxtsa müharibə başlayacaq. Bu tarixi səbirsizliklə gözləyirdim. Cənab Ali Baş Komandanın əmirini hər bir hərbiçi kimi mən də gözləmişəm”.
Əsgər Hacıyevin sözlərinə görə, bu şərəfli tarixi günün çatdığını 2020-ci ilin sentyabrın 27-də eşidib və sevincinin həddi-hüdudu olmayıb: “Həmin gün səhər saat 5 radələrində düşmənə qarşı əks həmlə hücumuna başladıq. Müharibənin ilk günündən döyüşlər uğurlu oldu. Mən ilk olaraq Füzuli rayonunun Kürdmahmudlu kəndində düşmənə qarşı aparılan döyüşlərdə iştirak etdim. Ən ağır döyüşlərimiz Füzulidə oldu, buna baxmayaraq irəlilədik”.
Əsgər Hacıyev bildirib ki, daha sonra Cəbrayıl və Qubadlı rayonlarında da gedən qızğın döyüşlərdə fəal iştirak edib.
“1992-93-cü illərdə düşəm bizim vətəndaşlarımıza qarşı amansız olublar. Biz bu döyüşlərdə həmin dövrdə düşmənin vətəndaşlarımza qarşı edilən həmin amansız hərəkətlərinin qisasını aldıq. Həmin dövrdə mən anadan olmamışdım, 1997-ci il təvəllüdəm. Düşmənin həmin dövrdə bizim həmvətənlərimizə qarşı etdikləri hərəkətləri böyüklərimizdən, atamdan eşitmişəm. Mən uşaqlığımla bunu özümə bağılşlaya bilmirdim, erməni kimdir ki, bizim vətəndaşlarımıza qarşı bu hərəkətləri edib? 44 günlük vətən müharibəsində biz var gücümüzlə vuruşduq, döyüşdük ki, düşmənin o zamanlar etdiyi bu hərəkətləri cavabsız qalmasın”, - deyə Əsgər Hacıyev bildirib.
Əsgər Hacıyev deyir ki, Qubadlıdan əlavə Hadrut və Daşaltı qəsəbələrinin də düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib: “Həmin qəsəbələrin də düşməndən azad olunması uğrunda möhkəm döyüşlərimiz oldu, uğurlu əməliyyatlar keçirdik. Həmin ərazilərdə şəhidlər verdik. Biz düşmənin müqavimətini qırdıq, torpaqlarımızı düşməndən azad etdik. Hər gün əməliyyatlarımız uğurlu olurdu”.
Əsgər Hacıyevin sözlərinə görə, 44 günlük vətən müharibəsi dövründə həm silah gücünə, həm də əlbəyaxa döyüşməklə torpaqlarımızı düşmən işğalından azad edilib. O, Şuşa şəhəri uğrunda da gedən döyüşlərdə iştirak etdiyini bildirib.
Şuşa döyüşləri başa çatandan sonra o, Qubadlı rayonu istiqamətində xidmətini davam etdirməyə başlayıb.
Vətən müharibəsinin qəhrəmanı olan Əsgər Hacıyev döyüşlərdə iştirak etdiyi üçün fəxr edir: “Mən bu gün Azərbaycan ordusunun hərbi qulluqçusu kimi fəxrlə danışa bilirəm. Çünki torpaqlarımızı düşməndən azad etmişik. İndi istədiyimiz yerdə başımızı dik tuta bilirik. Çünki vətənimiz azaddır. Var gücümüzlə döyüşdük ki, torparlıarımız düşməndən azad olsun. Bizim yalnız bir fikrimiz var idi - irəliləmək. Düşünürdük, haqqımızda desinlər ki, bu oğlanlar döyüşüb torpağımızı düşməndən azad etdilər. Döyüşdükcə bunları fikirləşərək irəliləyirdik. Düşmənin keçmişdə etdiyi hərəkətləri gözümüzün qabağına gətirirdik. Bütün bunlar bizim irəliləməyimizə səbəb olurdu.
Düşmən işğalı altında olan torpaqlarımızda irəlilədikcə dağılmış evlərimizi, qəbristanlıqlarımızı gördük. Bu mənzərəni görəndə pis olurduq, kövrəlirdik. Dizlərimizi yerə ataraq ağlayırdıq ki, gözəl yerlərimizi düşmən nə hala salıb! Onların bu hərəkətləri, şəhərlərimizi, kəndlərimizi xarabaya çeivrmələrini bağışlaya bilmirdik. Bu şəraitdə bir məqsədimiz var idi, irəli getmək, düşməni torpaqlarımızdan qovmaq”.
Əsgər Hacıyev bildirib ki, müharibə itkisiz olmur. Bir çox dostları, hərbiçi yoldaşları gözlərinin qarşısında şəhid olublar: “Kurs yoldaşım var idi, Abbas Yunus. Mənim yanımda Füzuli istiqamətində gedən döyüşlərdə şəhid oldu. Daşaltı istiqamətində hərbçi yoldaşlarım Tariyel Atayev, Elvin Məmmədzadə şəhid oldular. Qazi yoldaşlarımız da var ki, onlarla çiyin-çiyinə döyüşmüşük. Allah şəhdilərimizə rəhmət eləsin”.
Əsgər Hacıyevin sözlərinə görə, Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut, Daşaltı, Şuşa uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün medallarla təltif olunub. “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medallarına da layiq görülüb.
Vətən müharibəsi başlanmazdan üç ay əvvəl xidmətə yollanan, müharibə vaxtında böyük xidmətləri olan əsgərlərmiz də var.
Xidmətə yeni başlayan bu qəhrəmanlar işğalda olan şəhər, qəsəbə və kəndlərimizin azad olunması üçün böyük fədakarlıq göstəriblər.
Müharibə başlananda üç ayın əsgəri olan Bəyaz Xammədzadə bildirir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən 2020-ci ilin iyulunda xidmətə yollanıb: “3 ay xidmətdə olandan sonra Vətən müharibəsi başladı. Mən də bir əsgər kimi döyüşlərə yollandım, cəbhədə vuruşdum”.
Bəyaz Xammadzadənin sözlərinə görə, ilk döyüş yeri Cəbrayıl rayonunda olub: “Cəbrayıldan başlayaraq, döyüşə-döyüşə Qubadlıya kimi gəldik”.
Əsgərin sözlərinə görə, Qubadlı və Cəbrayıl rayonlarının işğaldan azad olunması, həmçinin "Cəsur döyüşçü" medalı ilə təltif olunub. Xidmətini qarşıdan gələn ilin yanvarında başa çatdıracaq.
Digər əsgər Rüfət Əhmədov bildirir ki, Bakının Lökbaran qəsəbəsində yaşayır, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsi tərəfindən 2020-ci ilin iyulunda xidmətə yollanıb.
Rüfət Əhmədovun sözlərinə görə, müharibə başlayanda o üç ayın əsgəri olub: “Oktyabrın 7-dən Cəbrayıl rayonu istiqamətində döyüşlərə başladım. Qubadlı rayonuna kimi döyüşlərdə olduq. Müharibədir, çətinilyimiz də oldu. Amma qələbə qazandıq”.
Rüfət Əhmədov döyüşlərdə şəhid verdiyimizi də xatırladır: “Amma döyüşləri uğurla başa çatdıra bildik. Torpaqlarımız işğaldan azad olundu”.
Rüfət Əhmədov bildirib ki, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunmasında göstərdiyi xidmətlərə görə medallarla təltif olunub.
Söhbətləşdiyimiz daha bir əsgər Səyyad Mayılov Siyəzən rayonudandır. Xidmətə 2020-ci ilin iyulunda başladığını deyən əsgərin sözlərinə görə, sentyabrın 27-dən döyüşlərə qoşulub: “Füzuli rayonu istiqamətində döyüşlərə başladıq. Qubadlı istiqamətində döyüşləri bitirdik. Cənab Ali Baş Komandan Cəbrayıl, Qubadlı istiqamətində döyüşlərdə iştirak etdiyimə görə bizi medallarla təltif etdi”.
Səyyad Mayılov torpaqlarımızın işğaldan azad olunması zamanı hərbiçi yoldaşlarının itkisindən də söz açıb: “Biz şəhid versək də ruhdan düşmürdük. Daha irəli gedirdik. Məqsədimiz uğur qazanmaq idi. Görürdük, əsgər yoldaşımız şəhid olub, istəyirdik ki, onların qanını yerdə qoymayaq”.
Səyyad Mayılov da Vətən müharibəsində iştirak etdiyi üçün təltif olunub.