Dekabrın 8-də Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağının növbədənkənar iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.
Sonra Azərbaycan Badminton Federasiyasının idarə heyətinə seçki keçirilib.
“Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov səsvermə nəticəsində federasiyanın yeni prezidenti seçilib. Aynur Səmədova və Emin Maqsudov İdarə Heyətinin sədr müavinləri, Rəşad Kərimov və Mirzə Orucov isə üzvləri seçiliblər.
İclasda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Badminton Federasiyasının sabiq prezidenti Mikayıl Cabbarov çıxış edərək federasiyanın yeni rəhbərliyini təbrik edərək uğurlar arzulayıblar.
Qeyd edək ki, Mikayıl Cabbarov 2015-ci ildən Azərbaycan Badminton Federasiyasının prezidenti idi.