10 Dekabr 2021 18:05
2 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəsul Quliyev yenidən ölkədə xaos yaratmaq üçün ortaya “vətənə dönürəm” mövzusunu atır. O, hər dəfə “vətənə dönürəm” iddiası ilə çıxış edəndə ölkədə qarışılqıq yaranır. Sonra da məlum olur ki, Rəsul Quliyevin ölkəyə gəlmək cəsarəti yoxdur. Biz 2005-ci ildə bunun şahidi olduq. O, Azərbaycana gəlmək adı ilə ABŞ-dan Ukraynanın Simferepol hava limanına gəldi və orada həbs olundu. Onun barəsində cinayət işi var və beynəlxalq axtarışa verilib. Düşünürəm ki, Rəsul Quliyev Azərbaycana gəlsə dərhal həbs olunacaq. O isə həbsdən qorxan adamdır, ölkəyə gəlməyəcək”.

Bunu Teleqraf.com-a açıqlamasında sabiq deputat Qalib Salahzadə bildirib. Onun sözlərinə görə, son günlər mətbuatda sabiq spiker Rəsul Quliyevin ölkəyə gəlişinə “yaşıl işıq” yandırıldığı və hətta buradakı mülklərinin ona qaytarıldığına dair məlumatlar dərc olunub: “Məsələ ilə bağlı jurnalistlər mənimlə də əlaqə saxlamaq istəyiblər, amma Həcc ziyarətində olduğum üçün cavab verə bilməmişəm. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu mətbuata açıqlamasında deyib ki, Rəsul Quliyevin birbaşa özünün Azərbaycanda hər hansı bir əmlakı yoxdur. Guya mülklər Rəsul Quliyevin yaxınlarına məxsusdur. Burada söhbət Bilgəh kəndində mənə məxsus olan dəyəri milyonlarla manat olan mülkdən gedir. Ağasif Şakiroğlu deyib ki, guya 2010-cu ildə həmin əmlaklarla bağlı Ali Məhkəmənin qərarı var. Sizin sayt vasitəsilə bəyan edirəm ki, Bilgəh kəndində Rəsul Quliyevin heç bir torpaq əmlakı yoxdur. Onun Azərbaycandakı havadarları mənə qarşı oyun qurublar. Rəsul Quliyev ölkədən gedəndə Ağasifin 7 yaşı vardı, onların arasında heç bir qohumluq bağı da yoxdur. Hazırda Bilgəhdəki həmin mülklə bağlı 3 nəfər Ağasif Şakiroğlunu məhkəməyə verib. 2 dəfə məhkəmə olub, o gəlməyib. Hakim növbəti iclası yanvarın 17-nə təyin edib. Ağasif deyir ki, 2010-cu ildə Ali Məhkəmə Rəsul Quliyevin xeyrinə qərar qəbul edib. Həmin il Səbail rayon Məhkəməsi Rəsul Quliyev barəsində həbs qətiimkan tədbiri secmişdi. İndi nə dəyişib? Xəzər rayon Polis İdarəsinin mülki mühafizə xidmətinin 4 əməkdaşı gecə-gündüz ayı 8 min manat olmaqla, mənə məxsus olan, amma hazırda Ağasifin qaldığı bağ evini qoruyurlar. Orada çox adamın bağı var. Yalnız Ağasifin yaşadığı bağ evini polislər qoruyur. Mən açıq danışıram. Bu işlər nə Rəsul Quliyevlikdir, nə də Ağasiflik. Rəsul Quliyevin hər zaman məmurlarla əlaqəsi olub. Yadınıza salın 2005-ci ili. Fərhad Əliyev, Əli İnsanov, Akif Muradverdiyev, Fikrət Yusifov kimi adamlar Rəsulla əməkdaşlıq etdikləri üçün həbs edilmişdilər. İndi də Rəsul Quliyevlə əlaqələri olan, onunla əməkdaşlıq edən məmurlar var və onlar çalışırlar ki, sabiq spikeri ölkəyə gətirib, burada qarışıqlıq yaratsınlar. Necə deyərlər, suyu bulandırıb balıq tutsunlar. Hazırda bu istiqamətdə işlər gedir. Amma alınmayacaq”.

Q.Salahzadə qeyd edib ki, ölkəyə gələrsə Rəsul Quliyev məhkəmə qarşısında dayanacaq: “Milyonlarla manat dövlət vəsaitini mənimsəmiş, dövlət əmlakını talamış, dövlət çevrilişinə cəhd etmiş, ölkə Prezidentinin barasində nalayiq ifadələr işlətmiş bir adam əlini-qolunu sallayıb rahat ölkəyə gələ bilməz. O, Saakaşvili deyil ki, heç nədən qorxmadan vətənə qayıda bilsin. Özü də bilir ki, keçmişi cinayətlərlə doludur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər