11 Yanvar 2022 17:12
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunun Stalçay kənd sakini 1977-ci təvəllüdlü İbrahimov Hekayət Səfər oğlu itkin düşüb.

Bu barədə Teleqraf.com-a Hekayət İbrahimovun bacısı Məlahət İbrahimova məlumat verib.

O bildirib ki, qardaşı Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi Fətəli xan küçəsi/15, mənzil 50-də qeydiyyatdadır. “Qardaşım heyvandarlıqla məşğul olduğu üçün Xızı rayonunun Yaşma qəsəbəsində qalırdı. Hekayət 2022-ci ilin yanvarın 8-də siqaret almaq üçün 99-EE-637 dövlət qeydiyyat nişanlı “Niva” markalı maşını ilə Yaşmadan Stalçay kəndində gedib.

Orada dost-tanışları ilə görüşüb, söhbət edib, siqaret alandan sonra axşamüstü saat 5 radələrində yatağa qayıtmaq üçün kənddən çıxıb. Heyvan saxladığı üçün axşamçağı evə gəlməyə tələsib. Ancaq saat 5-də kənddən çıxmasına baxmayaraq, Yaşmaya gedib çatmayıb. Yoldaşı narahat olub, zəng vursa da, ona zəng çatmayıb.

Daha sonra yoldaşı atama zəng vurub Hekayətin evə gəlmədiyini deyib. Dağ yeri olduğu üçün Hekayətə hərdən zəng çatırdı, hərdən yox. Əvvəl çox narahat olmadıq, amma sonradan vəziyyətin ciddiyyətini anladıq. Hekayətin getdiyi əraziləri axtarmağa başladıq. Bu axtarışların nəticəsiz olduğunu görüb yanvarın 10-u axşam saatlarında Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə qardaşımın itməsi barədə məlumat verdik.

Müraciətimiz Xızı rayon polis şöbəsinə yönləndirildi. Müraciəti mən etdiyim üçün rayon polis şöbəsinə gedib ərizə yazdım ki, qardaşımın itməsi barədə axtarışlara başlansın. Yanvarın 10-da polisə məlumat verməklə yanaşı, bütün qohumlarla bərabər axtarışları dayandırmadıq. Getdiyi bütün yolları axtardıq ki, bəlkə maşın qəzaya düşüb”.

Məlahət xanım deyir ki, axtarışa bütün qohumları qoşulub: “Qardaşımın tünd bənövşəyi rəngdə “Niva”sı var idi. Samur-Abşeron kanalının üstündə maşın izinə rast gələn xalam oğlanları Hekayətin qəzaya düşdüyündən şübhələniblər. Bir qədər irəliyə gedib kanalda tünd bənövşəyi rəngdə nəyinsə olduğunu görüblər. Xızı rayon polis şöbəsinə zəng vurub kanalda dəmir parçasının göründüyünü deyiblər.

Polislər hadisə yerinə gəliblər və suda həqiqətən maşının olduğu dəqiqləşib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidməti də çağırılıb. Saat 4 radələrində maşını kanaldan çəkib çıxarıblar, amma içərisində qardaşım olmayıb. Maşın sudan çıxarılanda şüşəsinin biri açıq olub. Ehtimal ki, Hekayət özünü xilas etməyə çalışarkən pəncərədən çıxıb, kanalın da suyu gur olduğu üçün onu aparıb”.

Məlahət İbrahimovanın sözlərinə görə, maşın çıxarılsa da suda axtarış aparılmayıb: “Maşın nəyimə lazımdır, qardaşımı girib sudan çıxaran yoxdur. Deyirlər ki, kanalın suyu çoxdur, nazirlikdən göstəriş gəlməsə, kanalın suyunu azalda bilmərik. Nə qədər müraciət etsək də, kanalın suyunu azaltmırlar.

Qardaşımın iki oğlu var, hər ikisi Dövlət Sərhəd Xidmətinin heyətində xidmət edir. Oğlanlardan biri İranla sərhəddə, digəri isə Zəngəzur dəhlizi istiqamətində Vətənə xidmət edir. İki əsgər atasını suda axtaran yoxdur. Heç kəsi maraqlandırmır. Kimə müraciət edim, kimdən kömək istəyim?!

Hekayətin iki oğlunun, 80 yaşlı atasının xatirinə, xahiş edirəm bizə kömək olunsun. Qardaşımın ya ölüsünü, ya dirisini tapıb versinlər. Kanalın suyunu azaltsınlar ki, axtarışlar davam etdirilsin. Onun ölümü ilə bağlı hələ ki şübhələndiyimiz şəxs yoxdur”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər