"Xüsusi təyinatlı qüvvələr İkinci Qarabağ müharibəsi dövründə özlərini ən yaxşı cəhətdən göstərdilər. Mən bunu dəfələrlə demişəm. Buna görə də həmin qüvvələrin təkmilləşdirilməsi, həmçinin xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"Söhbət revanş cəhdlərindən gedir. Söhbət ondan gedir ki, bir ildən, iki ildən, beş ildən sonra nə olacağını bilmirik. Bu gün Ermənistan ordusu tamamilə bərbad vəziyyətdədir və İkinci Qarabağ müharibəsi dövründə olduğundan daha artıq dərəcədə bizə müqavimət göstərməyə qabil deyil. Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir", - Prezident vurğulayıb.